Abdolbari Gözələ "Şöhrət" ordeni təqdim olundu - FOTOLAR

Abdolbari Gözələ "Şöhrət" ordeni təqdim olundu - FOTOLAR
12:38 24 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Azərsun Holdinq" MMC-nin Müşahidə Şurasının sədri Abdolbari Gözələ "Şöhrət" ordeni təqdim edilib.

Publika.az-ın məlumatına görə, A.Gözələ ordeni Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim edib.

Təqdimat mərasimi “Azərsun”nun ölkədəki fəaliyyətini, iqtisadi uğurlarını əks etdirən filmin nümayişi ilə başlayıb. Daha sonra Türkiyə Respublikasının qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik çıxış edib. A.Gözələ “Şöhrət" ordeni alması münasibəti ilə təbriklərini çatdırıb.

“Hər gün öləcəyin kimi yaşa, amma heç zaman ölməyəcəyin kimi çalış”

Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə bildirib ki, “Azərsun Holdinq” artıq milli deyil, bir dövlətin sərhədlərini adlamış transmilli şirkətdir:

“Təkcə onu qeyd etmək kifayət edir ki, holdinqin yaratdığı infrastruktur, istehsalat sahələri, logistika beynəlxalq standartlara cavab verir. Şirkət kifayət qədər rəqabətə davamlıdır. “Azərsun”un ölkədə qurduğu kommersiya fəaliyyəti on minlərlə vətəndaşa iş verib. Holdinqin istehsal etdiyi məhsullar nəinki daxili tələbatı ödəyir, eyni zamanda milli brend kimi müxtəlif ölkələrdə satılır. Ölkəyə kifayət qədər valyuta gətirir. “Azərsun Holdinq” ölkəmizə yeni əkinçilik, istehsalat mədəniyyəti gətirib. Kənd təsərrüfatı sahəsində dünyanın ən yüksək texnologiyası tətbiq edilir. Holdinqin uğurlarının təməlində dayanan əsas amil odur ki, Abdolbari Gözəl bura zəhmətkeş insanları toplaya bilib. “Azərsun Holdinq” ölkənin qida təhlükəsizliyinin təmin olunmasında müstəsna yer tutur. “Azərsun” vətəndaşlara xidmət etdiyi üçün dövlətin diqqət və qayğısından bəhrələnir. Fəlsəfəsini “Qurani-Kərim”dən götürmüş bir deyim var, Mövlanə tərəfindən də tez-tez istifadə edilirdi: “Hər gün öləcəyin kimi yaşa, amma heç zaman ölməyəcəyin kimi çalış”. Abdolbari Gözəl o insanlardandır ki, heç vaxt ölməyəcəyi kimi çalışır, hər gün öləcəyi kimi yaşayır”.

Ə.Həsənov iş adamının diaspora sahəsində xidmətlərinə də toxunub:

““Şöhrət” ordeni Abdolbari Gözələ həm diaspora, həm də iqtisadiyyat sahəsindəki səmərəli fəaliyyətinə görə təqdim edilir”.

Daha sonra Ə.Həsənov ordeni iş adamına təqdim edib.

“Bundan sonra "qonaq" gələn olmayacaq"

A.Gözəl isə çıxışında "Şöhrət" ordeni ilə təltif edilməsinin onun üçün bir şərəf olduğunu deyib:

“Yaşamıma o qədər gözəl qiymət verdiniz ki, inanın gözlərim doldu. Çünki bəzən öz-özümə “necə işlədiyimi görəsən kimsə anlayırmı” - deyə sual verirəm. Hərdən fikirləşirəm ki, yoxsa haqqımda bu sadəcə pulkəsən maşındır, daha zəngin olmaq istəyir deyə düşünürlər? Bunlara görə də, bu qiymət mənim üçün xüsusi əhəmiyyət daşıyır”.

A.Gözəl Azərbaycana gəlişi ilə bağlı xatirələrini bölüşüb:

“Mən Azərbaycana Turqut Özalın təklifi ilə gəlmişəm. O vaxt İrandan Türkiyəyə gedərkən Özala İsveçrəyə gedəcəyimi dedim. Çünki İran hakimiyyətinə dəstək verdik, amma bunun qarşılığını almadıq. Özal isə məni israrla Azərbaycana göndərdi. O zaman ilk dəstəyi Heydər Əliyevdən aldıq. Həmin dövrdə bizə tez-tez nazirlər “qonaq gəlirdi”. Bu barədə Heydər Əliyevə dedim. Prezident çox əsəbiləşdi və onlara ciddi xəbərdarlıq etdi. Ardınca ölkə başçısı mənə dedi ki, bundan sonra “qonaq” gələn olmayacaq. Biz o zaman qida sektoruna daxil olduq, istehsal müəssisələri yaratdıq. Azərbaycana lazım olan, mənim üçün ikinci, dövlət üçün birinci dərəcəli olan müəssislər yaratdıq. Məsələn, Xaçmazda konserv zavodu yaratmaq niyyətim yox idi. Amma cənab prezident buyurdu ki, bölgəyə dəstək verə bilmirlər, orda iş yeri yarat. Dedim, gözüm üstə. Ən super fabriki Xaçmazda tikdim”.

İş adamı şirkətin istehsal etdiyi məhsulların brendə çevrildiyini diqqətə çatdırıb:

“Biz iş görərkən heç vaxt pulu, qazancı düşünməmişik. Yaxşı niyyətlə başladığım bu iş təsəvvürümdə tutduğumdan da irəliyə getdi. Bizdə bir məşhur misal var: böyük tikə boğazda qalar. Başqa sözlə, az ye, həmişə ye. Həmin dövrdə Azərbaycanda insanların maddi durumu çox pis idi. Qolundakı saatı, zinyət əşyalarını sataraq, evinə çörək alan adamlar tanıyırdım. Çox şükür, o çətinliklərin öhdəsindən gəldik. Bu gün isə mənə prezident İlham Əliyevin verdiyi “Şörhət” ordeni təqdim edilir. Ölkə başçısının bu mükafatı onu göstərir ki, biz həqiqətən də çalışmışıq və çalışırıq. Çəkilən zəhmət isə qiymətsiz qalmır”.

“Azərbaycan investisiya yatıran hər kəsə yardım etmək istəyir”

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin rəhbəri Cemal Yangın A.Gözəli 25 ildir tanıdığını deyib:

“Çox təşəkkür edirik. İnanın, açdığınız yollarda addımlamışıq. Bizə yol göstərənlərdən olmusunuz. Bunun qiymətini bilməyə çalışırıq. Azərbaycan dövləti ölkəsinə investisiya yatıran hər kəsə yardım etmək istəyir. Azərbaycanı öz ölkəmiz bilərək, çalışdıq. Abdolbari bəy bir cığır açıb. Bu çığır ümummilli liderimiz Heydər Əliyevin nəsihətilə açılmışdı. İndi neçə-neçə insan bu yolla gedərək uğurlara imza atır”.

Tədbirdə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov, Sahibkarlar Konfederasiyasının rəhbəri Məmməd Musayev də iştirak edirdilər.

Qeyd edək ki, 2016-cı ilin dekabr ayının 28-də prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, A.Gözəl "Şöhrət" ordeni ilə təltif edilib.

İqtisadiyyat şöbəsi












































Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/189130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR