Əfsanəvi “Nokia 3310” mobil telefonunun yenilənmiş versiyasının xüsusiyyətləri KİV-də dərc olunub.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, ötən təxminən 20 il ərzində müvafiq komponentlərin ölçülərinin kiçilməsi səbəbindən qurğunun daha nazik və yüngül olacağı bildirilir.
Bundan başqa, 84×84 təsvir ölçülü monoxrom ekranlı əvvəlki modeldən fərqli olaraq yeni aparat rəngli displeylə təchiz ediləcək. Lakin yenilənmiş modelin də yüksək təsvir ölçüsünə malik olmayacağını ehtimal etmək olar ki, bu da batareyanın daha qənaətli sərfinə imkan verəcək.
Məlumata görə, həmçinin korpusun rənglərinin spektrinin genişləndirilməsi nəzərdə tutulur. Ənənəvi boz, qara, göy və kül rəngi ilə yanaşı, qırmızı, yaşıl, sarı rəngli, eləcə də bir neçə rəng çalarlı aparatlar satışa çıxarılacaq. Onların panellərinin dəyişdiriləcəyi barədə məlumat verilmir.
Dizaynına görə 2000-ci ilin nümunəsindən az fərqlənən yeni “Nokia 3310” modeli ümumilikdə klassik düyməli telefon kimi qalacaq.
Fevralın ortalarında “Nokia” əmtəə nişanına hüquqa malik Finlandiyanın “HMD Global” şirkətinin “Nokia 3310” mobil telefonunun müasir versiyasını təqdim edəcəyi məlum olub. O zaman aparatın xüsusiyyətləri barədə ətraflı informasiya verilməyərək yalnız onun təxmini qiyməti (59 avro) açıqlanıb.
Qeyd edək ki, 2000-ci ilin sonunda buraxılan “Nokia 3310” modelinin satışı 126 milyonu ötüb. İnternetdə aparatın dünyada ən möhkəm materialdan düzəldilməsinin xarakterizə edilməsi barədə məlumatlar geniş yayılıb. Belə ki, Britaniya KİV-i 17 il əvvəl satın alınan və indiyədək işləyən “Nokia 3310” modelini tapıb ictimaiyyətə təqdim ediblər.
Nizam Nuriyev