Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən “Report”a verilən məlumata görə, martın 12-də Tatarıstan Respublikasının Buinsk şəhərində Volqaboyu və Ural xalqları teatrlarının “İdel - Bua - Ural - dialoq məkanı" adlı Birinci Ümumrusiya teatr festivalı başlayacaq.
Festivalda Qazağıstan, Tatarıstan, Başqırdıstan, Udmurtiya, Mari-El, Ulyanovck vilayəti, Komi və Kalmıkiya Respublikalarının teatrları iştirak edəcək.
Zəngin repertuar proqramı olan festivala Kalmıkiya Milli Dram Teatrı əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin "Gözlə məni" ("Дождись меня") dramının tamaşası ilə qatılacaq. Ötən ilin dekabrında premyerası baş tutmuş tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Ə.Əmirlinin Kalmık mühacir ədəbiyyatının görkəmli nümayəndəsi Sanci Balıkovun "Zalamca" povestinin motivləri əsasında yazıb janrını "tale dramı" kimi müəyyənləşdirdiyi pyes atçılıq zavodunun sahibi Şavel Aduçevin ərköyün qızı Zalamca ilə kasıb stanitsa müəllimi Danzan arasındakı məhəbbət və ayrılıq, ümid və həsrət haqqında dastandır. Bu iki gəncin xoşbəxt olmaq üçün hər şeyi vardı, amma I Dünya müharibəsi, az sonra vətəndaş qarşıdurması və ən nəhayət, qanlı bolşevik inqilabı var olan hər şeyi darmadağın etdi: ayrılıq, qan-qada, qaçqınlıq, qədim kökləri olan bütöv bir xalqın sürgün əzabları. Cəhənnəmin yeddi qatından keçən sevgililər məşəqqətlərlə müşayiət olunan uzun ayrılıqdan sonra birləşsələr də, əvvəlki xoşbəxtlik yoxdur. Bu əzablı ayrılıq və sınaq illərində onlar çox şeyi itirmişdilər.
Qeyd edək ki, bu, Kalmık teatrının Ə.Əmirli yaradıcılığına üçüncü müraciətidir. "Gözlə məni" tamaşasından əvvəl teatr dramaturqun "Sevən qadın" (rejissoru B.Osmanov) və Vera Şuqrayeva ilə birgə yazdığı "Qohumlar" (rejissoru B.Manciyev) komediyalarını tamaşaya qoyub.