Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə
23:42 14 Mart 2017
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az newtimes.az-a istinadən Hatəm Cabbarlının yazısını təqdim edir

Ermənistanın XİN rəhbəri işğal altında olan Azərbaycan torpağına-Xənkəndinə səfər edərkən cari ilin sonuna qədər minimum bir dövlətin qondarma DQR-in müstəqilliyini tanıyacağını və prosesi zədələməmək üçün bu dövlətin adını çəkmək istəmədiyini bildirir. Bu hər şeydən əvvəl təxribat kimi dəyərləndirilə bilər. Ermənistan rəsmiləri Dağlıq Qarabğ probleminin həll edilməsi prosesində konstruktivlik nümayiş etdirdiklərini bildirsələr də, heç bir zaman məntiqli davranmamış, problemin həll edilməsi üçün səy göstərməmiş, həll edilmə imkanı yarandıqda isə müzakirə masasından "qarın ağrısını" bəhanə edərək uzaqlaşmışdır.

Təkcə keçmiş Sovetlər coğrafiyasında tanınmayan dörd qondarma qurum vardır: Dnestryanı, Cənubi Oetiya, Abxaziya və Dağlıq Qarabağ. Qərb dünyası Qqrabağ problemi istisna olmaqla, digər qondarma qurumlara münasibətdə Rusiyanın qarşısında olsa da, qondarma DQR problemində Rusiya ilə ortaq hərəkət edərək bu qurumu himayə edir.  

Ermənistan qondarma qurumun tanınması məsələsini şərh edərkən ABŞ-ın altı əyalətinin, Avstraliyanın bir əyalətinin, Baskların və bəzi digər şəhərlərin qondarma qurumun müstəqilliyini tanımasını ön plana çıxarır, bunun de-facto tanıma olduğunu bildirirlər. Amma adı çəkilən qurumlar dövlət xüsusiyyətlərinə sahib deyil, beynəlxalq sistemin aktorları deyil və BMT üzvü deyillər. Ermənilərin iddia etdikləri bu tanıma hüquqi və siyasi nəticə doğumur.

Ermənistan KİV-ləri Uruqvayın 14 noyabr 2012-ci ildə qondarma rejimin müstəqilliyini tanıya biləcəyini bildirməsini xatırlayaraq onun adını hallandırırlar. Bəzi mənbələr isə qondarma rejimi tanımaq istəyən dövlətin tamamilə başqa bir dövlət olacağını, hətta bu dövlətin Minsk qrupunun həmsədr dövlətlərindən birinin olmasını arzu edirlər.

Dövlətlər canlı mexanizmdir, doğulur (qurulur), yaşayır və ölür. Dünyada bu günə qədər neçə dövlətin qurulması və dağılması haqqında dəqiq məlumat yoxdur. Otuz illik müharibəni bitirən 1648-ci ildə imzalanmış Vestfaliya Sülh Müqaviləsi imzalanana qədər indi bildiyimiz anlayışda beynəlxalq hüquq yox idi. Sülh müqaviləsinin imzalanmasından sonra isə beynəlxalq hüququn təməli qoyuldu.

18-ci əsrin əvvəllərində bir dövlətin mövcudiyyətinin əsas şərti daxili suverenliyini təmin etməsi olmuşdur. Bir başqa ifadəylə dövlətin mövcudiyyət şərtləri arasında digər dövlət və ya krallıqlar tərəfindən tanınması idi. 18-ci əsr boyunca tendensiya belə davam etdi və tanıma termini ilə bağlı hər hansı nəzəriyyə ortaya çıxmadı. 19-cu əsrdə dünyada dəyişən güc tarazlığı və siyasi cərəyanlar tanıma termininin daha yaxşı anlaşılmasını və həyata keçirilə bilən bir xüsusiyyətə sahib olmasını təmin etdi. Bu dövrdə beynəlxalq sistemin avanqard dövlətləri dövlətlərin tanınması prinsipinə bəzi dəyişikliklər etməyə başladılar. Belə ki, 1831-ci ildə Yunanıstanın və Belçikanın müstəqilliyinin tanınması əhəmiyyətli hadisə oldu.

Dövlət anlayışının tərifi

Dövlət anlayışının bir çox tərifi verilmişdir və hələ də verilir. Bu təriflərdən ən çox qəbul ediləni  Georg Jellinekin 1900-cü ildə çap edilən Allagemeine Staatslehredə ifadə etdiyi "üç ünsür" (Dreielementenlehre, three elements theory) nəzəriyyəsidir. Jellinek dövləti insan, torpaq və suverenlik olaraq müəyyən etmişdir. Yəni dövlət müəyyən bir torpaq parçası üzərində  suveren olan müəyyən bir insan qrupunun qurduğu canlı bir varlıqdır.

Dövlətin birinci ünsürü olan insan qrupuna hüquqda millət deyilir. Millət bir-birinə müxtəlif bağlarla bağlanan insanlardan ibarət qrupdur.

Dövlətin ikinci ünsürü olan torpağa hüquqda ölkə deyilir. Ölkə müəyyən insan qrupunun-millətin mütəmadi olaraq yaşaya biləcəyi, suveren ola biləcəyi müəyyən sərhədləri olan torpaq parçasıdır.

Dövlətin üçüncü ünsürü olan iqtidar ünsürünə hüquqda suverenlik deyilir. Suverenlik ən üstün iqtidar deməkdir. Bir dövlətin mövcudiyyətindən bəhs etmək üçün insan qrupunun müəyyən bir ölkə üzərində ən üstün iqtidara sahib olması şərtddir və bu iqtidarın çox uzun zaman davam etməsi zəruridir.

Bir dövlətin qurulması üçün bu ünsürlərdən birinin və ya ikisinin olması yetərli deyil, üçünün də bir yerdə olması vacibdir. Sadəcə insan qrupu müəyyən bir torpaq parçası olmadan dövlət qura bilməz. Belə ki, üzərində yaşayan insan olmadan da torpaq parçasından dövlət ola bilməz. İnsan və torpaq ünsürləri olsa belə, bunlar da dövlət qurmaq üçün şərtlərin hamısını təmin etməz, dövlətin qurulması üçün müəyyən insan qrupunun bir torpaq parçası üzərində suveren olmaları lazımdır.

Dövlətlərin tanınması prosesi

1918-1920-ci illərdəki dövlət müstəqilliyinin bərpasını bəyan etməklə o dövrdə mövcud olmuş ADR-in hüquqi varisinə çevrilməsiylə Azərbaycanın guya sovet dövründəki sərhədlərə iddia etmək əsaslarından məhrum olması barədə erməni tərəfinin irəli sürdüyü tezisə gəldikdə isə, burada diqqət "Müqavilələrə münasibətdə dövlətlərin hüquqi varisliyi haqqında" Vyana Konvensiyasının 11-ci maddəsinə yönəldilməlidir. Belə ki, bu maddəyə əsasən, "dövlətlərin hüquqi varisliyi: a) müqavilə ilə müəyyən olunmuş sərhədlərə şamil edilmir ..." Başqa sözlə, bilavasitə SSRİ-nin onun tərəfindən bağlanmış beynəlxalq müqavilələrlə müəyyən edilmiş sərhədlərinə aid olmasına baxmayaraq, qeyd olunan müddəa özündə, faktiki olaraq, hüquqi varislikdən asılı olmayaraq, mövcud sərhədlərin olduğu kimi saxlanılmasına münasibətdə konseptual beynəlxalq hüquqi yanaşmanı ehtiva edir. Bu isə o deməkdir ki, suverenliyin dəyişməsi daimi xarakter daşıyan sərhədləri sarsıtmağa qadir deyildir. 

Self determination məsələsinə gəlincə bu barədə beynəlxalq hüquqa müraciət etməkdə fayda vardır. Self determination haqqı "droit des peuples à disposer d'eux-mêmes" və "right of self determination" olaraq bilinməkdədir və ilk dəfə olaraq ABŞ prezidenti Vilsonun 1918-ci ildə elan edilən 14 maddəsi tezisində istifadə edilmişdir. Belə ki, beynəlxalq hüquqa görə self determination haqqından aşağıdakı hallarda istifadə edilə bilər:

Ölkə daxilində siyasi, iqtisadi, ictimai və mədəni özünüidarəetmə sistemini seçə bilmək. Bunun ilk nümunəsi 14 iyul 1789-cu ildə baş verən Fransa inqilabında görmək mümkündür. Buna daxili faktor deyilir;

Birinci və xüsusilə də ikinci Dünya Müharibəsindən sonra bu terminologiya eyni zamanda xarici faktor adını almışdır. Buna, əsasən Vilsonun 14 maddəsinin 6-cı və 7-ci tezisləri imkan versə də, bu termin ilk dəfə beynəlxalq sənədlərdə Birləşmiş Millətlər Təşkilatının 1-ci və 55-ci maddələrində ehtiva edilmişdir. Bu ifadə eyni zamanda müstəmləkə dövlətlərin müstəqilliyi (décolonisation)" mənasını vermişdir.  Bu haqq sadəcə başqa bir dövlətin müstəmləkəsi altında olan xalqlara şamil edilir. Azərbaycanda yaşayan ermənilər heç bir zaman müstəmləkə altında yaşamadıqları üçün qətiyyən onlara şamil edilə bilməz;

Mövcud müstəqil bir dövlətdən ayrılmaq. Self determination haqqının bu müddəası adətən beynəlxalq hüquqda rəğbət görmür. Belə ki, bugün dünyada 184 dövlətdə 5 min etnik qrup yaşayır. Bu anlayışın qəbul edilməsi dünyada sözün həqiqi mənasında xaosun yaşanmasına səbəb ola bilər. Self determination haqqının müstəqil dövlətlərə yönəlik tətbiq edilməməsi haqqında ümumi bir razılaşma vardır. Dövlətlərin ərazi bütövlüyü və milli birlik prinsipləri daha əhəmiyyətli hesab edilməkdədir.

Göründüyü kimi qondarma rejim nə dövlət tərifinin üç ünsürünə, nə də beynəlxalq hüquqda dövlətlərin tanınması şərtlərinə cavab vermir. Nalbandyanın belə bəyanat verməsi siyasi gedişdir və daha çox psixoloji amilə istinad edir. Bənzər mahiyyətdə olan Dnestryanı, Abxziya və Cənubi Osetiya da beynəlxalq aləm tərəfindən müstəqil dövlət olaraq tanınmayıb. Rusiya və Venesuellanın siyasi səbəblərə görə Abxziya və Cənubi Osetiyanın müstəqilliyini tanınması da digər dövlətlər üçün presedent təşkil etməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/526228.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR