Kitablardan və ailə ilə etməli olduğumuz məhəbbətdən ayrı düşmüşük. Səbəbini axtarsaq, çox da uzaqda deyil. Gözümüzün qabağındadır. Bəlkə də əlimizin içindədir...
2003-cü ildə borc-xərc edib, işlənmiş bir telefon almışdım. Batareyası o qədər zəif idi ki, heç iki saat enerji saxlamırdı. Tələbəliyin kasıb vaxtında yeni batareya almağa da imkanım yox idi. Bir yol axtarırdım ki, enerjiyə qənaət edim. Telefonu “qurcalayanda” gördüm ki, ekranın işığını azaltmaq olur. Ekran parlağlığını 50 faizə endirdim. Ondan sonra telefofonum 4 saat rahat "zaryadka" saxlayırdı. Bir-iki gün belə davam etdi. Sonra əlim dinc durmadı. Yenidən "parlaqlığa girdim" və düz sıfır faizə qədər endirdim. Ekran tamamilə qaraldı. Nə qədər çalışdımsa, yenidən bərpa edə bilmədim. Yalançının sözü olmasın, bəlkə də, normal adamın bir ildə basmadığı qədər düymə (knopka) basdım. Xeyri olmadı... Nə gizlədim, o gün həm də bir az ağlamışdım. Axı, bu mənim ilk telefonum idi. Həm də onun arzusunda iki-üç il olmuşdum...
Qaralmış telefonuma ancaq zəng gəlib, zəng gedirdi. Zəng edənin kimliyini "YES"i basandan sonra bilirdim. Mesaj zad olanda iki-üç gündən bir nömrəni başqa telefona taxıb yoxlayırdım. O da mesaj hardan gələcək ki? Mobil operatordan...
Heç kompüterim də yox idi. Təkcə univeristetin 5-ci mərtəbəsində interneti olmayan kompüterlə həftədə bir-iki saat məşğul olurdum...
Bax, indi həmin o "qara" telefonu istəyirəm. Ancaq zəng gəlsin, zəng getsin. “Android”i görüm “andıra” qalsın! Nə kitaab oxumaq olur, nə də evdəkilərlə söhbət etmək. Eləcə işdən sonra telefonda sosial şəbəkələrdən gələn bildirişlərə baxıram, mesajlara cavab verirəm, nə bilim, şəkilləri "like" edirəm. Bir də baxıram ki, yatmaq vaxtıdır. Uşaqlar da küsür məndən, kitablar da...
Mənim kimi olanlar az deyil, hətta çoxluq təşkil edir. Nə etməli? Dərdi kimə söyləməli? Cavab çox bəsitdir: biz nə etsək də, texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə bu “zibillər”dən uzaq dura bilmərik. Əlac ancaq hər kəsin şəxsi iradəsinə qalır. Telefonu bir kənara qoyacaqsan, kompüteri bağlayacaqsan, qurban olduğum uşaqların və kitabların üzündən öpəcəksən...
Bahadur Qobustan