Bakı, 19 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən martın 1-dən 15-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 164 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 65 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 34 iş üzrə 47 min 150 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 24 iş üzrə 1626.5 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 396 iş üzrə 68890.8 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 17, icra qurumlarına 21, məhkəmələrə isə 5 iş göndərilib.