"Trend" Beynəlxalq İnformasiya Agentliyi (BİA) və Makedoniyanın "MİA" İnformasiya Agentliyi (İA) arasında əməkdaşlıq sazişi imzalanıb.

Milli.Az bildirir ki, sazişi "Trend" BİA-nın baş direktoru İlqar Hüseynov və MİA-nın baş direktoru Lyupko Yakimoski imzalayıblar.

Sazişə əsasən, tərəflər daimi şəkildə bir-birini Makedoniya və Azərbaycanın ictimai-siyasi, iqtisadi, sosial və mədəni-humanitar həyatı barədə operativ məlumat-təhlil və multimedia materiallarla təmin edəcəklər. Eyni zamanda, tərəflər Azərbaycanda və Makedoniyada, eləcə də qonşu ölkələrdə keçirilən vacib milli, regional və beynəlxalq tədbirlərin işıqlandırılmasına xüsusi diqqət ayıracaq.

1995-ci ildə Azərbaycanda yaradılmış Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) Cənubi Qafqazda və Xəzər regionunda, eləcə də Mərkəzi Asiyada aparıcı xəbər tədarükçüsüdür. Trend-in tərkibində Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində xəbər xidmətləri fəaliyyət göstərir. Xidmətlər ölkələrin və regionların, xüsusilə Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistan xəbərlərini bu ölkələrin auditoriyası üçün istehsal edir.

1992-ci ildə Makedoniya dövlət informasiya agentliyi kimi yaradılmış MİA 2006-cı ildə səhmdar cəmiyyətə çevrilib. Agentlik Makedoniya, ingilis və alban dillərində xəbərlər yayır. MİA agentliyi AFP, Sinhua, IRNA, BBC, DPA, Anadolu, TASS, Deutsche Welle, Free Europe, Voice of America kimi agentliklərlə əməkdaşlıq edir. Agentlik bir sıra beynəlxalq təşkilatların üzvüdür.

Milli.Az