“Bu akşam ölürüm beni kimse tutamaz” – bu mahnının populyar olduğu il Türkiyədə 34 min intihar hadisəsi baş vermişdi. Mahnı bir müddət bütün kanallarda qadağan olunmuşdu...

Bunu boş yerə xatırlamadım...

İnformasiyanın təqdim edilmə tərzinin insanlara böyük təsiri olduğu danılmazdır.

İntihar xəbərlərinin yayılmasında medianın üzərinə böyük məsuliyyət düşür.

Bu mövzu məni çox narahat edirdi, ona görə də, xarici mətbuatdan bu bardə bəlkə də, yüzə yaxın məqalə oxudum.

Oxuduğum onlarla araşdırma məqalələrindən də bəlli olur ki, “media intihar xəbərlərinin verilməsinə diqqət etmədikdə, intihar edənlərin sayı artan xətlə dəyişir”.

İntihar xəbərlərinin verilişinə dair mediada bir qayda yaradılması şərtdir.

İntiharı çıxış yolu kimi göstərən başlıqlara da rast gəlirik:

“Ölümü seçdilər”, “Əl-ələ tutub intihar etdilər”, “Nişanlısının evinin önündə özünü kəndirlə asdı” və s.

Sanki, intihar etmək istəyənlərə yeni idealar veririk.

İntihar etmək istəyənlərin sayı, intihar edənlərdən qat-qat artıqdır.

Açıq-saçıq şəkillər, videolar düşünülmədən paylaşılır.

Bəzən fikirləşirəm ki, bir saytdan ömürboyu qazandığım pul və ya “İP” bir insanın ölümünə az da olsa səbəb olarsa, bu fəaliyyətə dəyərmi?..

İntihar xəbərlərini bəzəkli-düzəkli şəkillərlə verməyimiz bir tərəfə qalsın, bəzən bunu istəmədən problemin həlli kimi də göstəririk:

”Əli hər yerdən üzülən filankəs intiharı seçdi...”

İntihar xəbərlərini verərkən hadisənin başvermə səbəbini heç bir qınaq olmadan təqdim edirik. Məsələn, hansısa bir ekspertin kəskin tənqidi ilə vermək mümkündür.

İntihar edən şəxsin arxada qoyduğu gözüyaşlı insanlar haqqında məlumat yoxdur. Məsələn, iki oğul anası intihar etdi”- yazmaqdansa, məncə, “İki uşağı kimsəsiz (gözüyaşlı) qoyub intihar etdi” yazmaq daha münasib olardı...

Jurnalistlər xəbərə sırf informasiya vermək xətrinə yox, bir az da yaradıcı yanaşmalıdır.

Əlqərəz: Sayt rəhbərlərinə, redaktorlara təkliflərim; (Bu, mənim öz ideyam deyil, araşdırmalardan gəldiyim qənaətdir)

* Xəbərdə psixoloji səbəblər göstərilməməli, intihara gətirib çıxaran depressiya, narkotik maddə asılılığı kimi xəstəliklərin müalicəsinin olduğu vurğulanmalı və necə kömək alınacağı barədə məlumat verilməlidir.

* İntihar xəbərlərdə cəsarətli bir davranış olaraq göstərilməməlidir. Xəbər ilk səhifələrdə, şəkilli, rəngli və ətraflı verilməməlidir.

* Hadisə romantik və sirli bir davranış olaraq dəyərləndirilməməli, intihar bir həll yolu olaraq göstərilməməlidir.

* İntihar cəhdlərindən sonra meydana gələ biləcək ağır fiziki travmaların – beyinə mənfi təsiri, iflic və s. problemlər ekspertlərin rəyi kimi təqdim olunmalıdır.

* İntiharlar bir problem həlli olaraq göstərilməməlidir. Müxtəlif başqa təsirli həll yolları olduğu, bunlara çata bilməmə vəziyyətində bu nəticənin ortaya çıxdığı ifadə edilməlidir.

* İntiharın məhşurlaşmaq kimi bir tərəfi olduğu göstərilməməlidir. Torpağın üzü soyuqdur, ən dəyərli insanlar belə unudulur...

* Xəbərlərdə fərdlərin intihar düşüncələrinə köməkçi ola biləcək təşkilatlar, müalicə variantları haqqında məlumat verilməlidir.

* Necə intihar edilə biləcəyini göstərən ətraflı intihar xəbərlərindən çəkinilməlidir. Hadisə heç bir halda geniş şəkildə, təfsilatı ilə yayımlanmamalıdır.

Bahadur Seyidov