Toyuqlu "Sezar" salatının hazırlanması -RESEPT

Məlumdur ki, günümüzdə "Sezar" salatının variantları və onun üçün souslar çoxdur.

Metbuat.az toyuqlu sezar salatının hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

0,5 baton (200 q)
300 q toyuğun döş əti
1 iri kahı dəstəsi
50 q parmezan pendiri
1 diş sarımsaq
1 pomidor (zövqə görə)
100 ml zeytun yağı

Duz, istiot

"Sezar" sousu:
Klassik amerikan sousu:
5 ədəd dənəvər istiot
0,5 ədəd sarımsaq
1 çimdik duz
1 x.q. vuster sousu
3 yumurtanın sarısı
75 ml zeytun yağı
1/4 limon şirəsi
Bir qədər dijon xardalı

Qeyd:Toyuq əvəzinə hisə verilmiş qızılbalıq da istifadə edə bilərsiniz.


Hazırlanmasına gəldikdə toyuğun döş ətinə duz və müxtəlif istiotların qarışığını çəkin. Qida plyonkasına büküb bir neçə saat soyuducuda saxlayın.
Tavada zeytun yağını qızdırıb əzilmiş, yaxud doğranmış sarımsağı qızılı rəng alanadək qovurun. Sarımsağı çıxarıb atın. Əgər çox saxlasanız, yağdan pis qoxu gələcək.

Quru çörək batonunu kubik doğrayın. Bu çörək kubiklərini sarımsaq ətirli yağda qızılı rəng alanacan qızardın.

Toyuğun döş ətini qızmar tavada tam bişənəcən qızardın (hər tərəfini təxminən 3-5 dəqiqə). Tavanın qapağını örtməyin, yoxsa ətin şirəsi çıxacaq və o, bərk olacaq.

Klassik sous. Bu sousun tərkibində vuster sousu var, amma onu şəkərli-limonlu ançous sousuyla əvəz etmək olar (həvəngdəstədə 1 ançousun filesini döyün, yarım diş sarımsaq, bir neçə dənəvər istiot, yarım çay qaşığı şəkər tozu və 1 çimdik duz əlavə edib döyün).

Vuster və ya ançous sousuna 3 yumurtanın sarısını əlavə edib qarışdırın, zeytun yağı damızdırın, sousu çalın. Çəngəllə çala-çala arada zeytun yağı damızdırın.3 yumurta sarısına təxminən 75 ml zeytun yağı gərəkdir. Yarım limonun şirəsini və dijon xardalı da əlavə edib qarışdırın. Sous mayonezə oxşayacaq.

Vuster sousu istifadə edirsinizsə, ondan 1 x.q. götürün və bu zaman şəkər tozundan istifadə etməyin, limon şirəsini isə 1/4-ə endirin. Çünki vuster sousu özlüyündə elə balıq, şəkər tozu və turşunun (sirkənin) qarışığıdır.

Salatı qoyacağınız qaba sarımsaq sürtün. Kahı yarpaqlarını əlinizlə iri doğrayın, boşqaba düzün. Üzərinə sous gəzdirin. Parmezan pendiri səpin.

Doğranmış toyuq ətini üstünə düzün. Yenə üzərinə sous gəzdirin.

Suxarıları əlavə edin, sous gəzdirin, parmezan səpin və gözlətmədən süfrəyə verin. Salata xırda doğranmış pomidor da əlavə edə bilərsiniz.

Aysel Yaqubqızı / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR