Jurnalistlər üçün ekoloji jurnalistika mövzusunda təlim keçirilib

Avrasiya Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə “Cəmiyyətdə ekoloji münasibətlərin inkişafında medianın rolu” çərçivəsində jurnalistlər üçün ekoloji təlim keçirilib.

Metbuat.az xəbər verir ki, layihənin baş koordinatoru Ülkər Qurbanzadə bildirilib ki, jurnalistlərüçün təşkil olunan təlimdə paytaxt və regionlardan 10 jurnalist iştirak edib. Tədbir, jurnalistləri Azərbaycanda ekoloji siyasətin əsas aspektləri, bu mövzuda mövcud problem və çətinliklər, adı çəkilən layihə və nəticələri barədə ətraflı məlumatlandırmaq, onları hüquqi əsasnamə ilə yaxından tanış etmək və medianın ekoloji problemlərin işıqlandırılmasında mühüm rolunu vurğulamaq, həmçinin bu sahədə ixtisaslı jurnalist kadrların yetişdirilməsinə dəstəkləmək məqsədi daşıyıb.Uzunmüddətli layihə çərçivəsində mütəmadi təşkil olunan seminarlar iki və ya dörd gün davam edib,vətəndaş cəmiyyətinin və media nümayəndələri iştirakçı qismində çıxış etməyə müvəffəq olub.

Moderator Ülkər Qurbanzadə açılış mərasimində çıxış edərək jurnalistlər üçün keçirilən belə ekoloji təlimlərin əhəmiyyətindən danışıb. Açılış və tanışlıq mərhələsindən sonratəlimçi, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov ekoloji problemlərin gündəmə gətirilməsində dövlət və media təşkilatlarının koordinasiyalı fəaliyyətinin vacibliyi, ekoloji qanunvericiliyə nəzarət mexanizmləri və respublikada həlli vacib olan ekoloji problemlərdən danışıb. Layihənin ilk günü Milli Məclisin eksperti Şamil Hüseynov “Təmiz ətraf mühitdə yaşamaq hüququnun təbliği”, “Azərbaycanda ekoloji qanunvericiliyin fəaliyyət mexanizminə ictimai nəzarət formaları”, sonrakı günlərdə hüquqşünas Araz Əsədli “Ekoloji münasibətlərin formalaşmasında Medianın hüquqi məsuliyyəti”, “Beynəlxalq ekoloji standartlar insan hüquqları kontekstində”, professor, media-tənqidçi Qulu Məhərrəmli “Ekoloji problemlərin həllində medianın rolu”, “Ekoloji problemlərin işıqlandırılmasında medianın vətəndaş mövqeyinə söykənən həssaslığı və prinsipləri”mövzularında çıxış ediblər.

Həmçinin, jurnalistlər “Rüzgar” Ekoloji Cəmiyyətinin sədri İslam Musayevlə həmsöhbət olub, Energetika, Ekologiya, Maarifçilik Mərkəzinin sədri Vaqif Əliyevin təqdimatında mövzu ilə əlaqəli filmi izləyib. Bunula yanaşı, QHT-media üzrə ekspert İsmayıl Vəliyevin təqdimatı əsasında ekoloji jurnalistika, ekoloji terminologiyalardan düzgün istifadə, ekoloji xəbər, məqalələrin yazılması və digər mövzular ətrafında müzakirələr aparılıb, interaktiv tapşırıqlar yerinə yetirilibvə iştirakçıların suallarını cavablandırıb.

Qeyd edək ki, təlim Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirən və Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqram çərçivəsində İnternyus-Servis Azərbaycan MMC tərəfindən reallaşdırılan “Ətraf mühit məsələlərinin gündəmə gətirilməsi: səfərbər edilmiş media və vətəndaş cəmiyyəti səyləri” adlı xidmət çərçivəsində keçirilib.

Layihənin həyata keçdiyi günlər boyunca təlimçilərlə jurnalistlərin görüşünü özündə əks etdirən fotoşəkillər çəkilib. Sonda isə layihə iştirakçıları sertifikatlarla mükafatlandırılıb.