Vüsal Məmmədov: "Kaş ki, təkamül-məkamül, ateizm... bu işlərə yönəlməyəydim."

Metbuat.az saytının müsahibi "Azvision" saytlar qrupunun rəhbəri Vüsal Məmmədovdur...

- Qısa olaraq, oxuculara Vüsal Məmmədovu təqdim edək.

- Bakı Dövlət Universitetinin "Beynəlxalq Münasibətlər" fakultəsini bitirmişəm.

Tələbəlikdən bu yana - 20 ilə yaxındır ki, jurnalist kimi çalışıram.

İşə "168 saat" qəzetində başlamışam. Sonra "Ekspress" qəzetində, Mərkəz qəzetində, "Lider" kanalında, 2012 ci ilidən isə həyatımın işi hesab etdiyim "Azvision" saytlar qrupunun baş redaktoruyam. Həm də "Lider" televiziyasının aparıcısı və analitikiyəm.

Elm jurnalistikası, kino ilə maraqlanıram. "Qarabağ üçün oxu" layihələrimi gördüyüm çox maraqlı və lazımlı işlərdən hesab edirəm. "Azvision" çərçivəsində gördüyümüz başqa işlər də var: "Qarabağa qayıdış" və s.

- Azvision.az 7 dildə fəaliyyət göstərir, eyni zamada kirpi.info, femida.az layihələri var. Buna baxmayaraq, sosial şəbəkələrdə də çox aktivsiniz, hətta "Facebook" statuslarına yazılmış şərhlərə belə reaksiya verirsiz. Kənardan baxanda, sizin həyatınızın mediadan ibarət olduğu görünür. Şəxsi həyata vaxt qalırmı?..

- Yox, demək olar ki , qalmır. Mənim həyatım həqiqətən də mediadan ibarətdir. Səhər 9-dan axşam birə qədər sayt, sosial media ilə maraqlanıram. Bu, şəxsi həyatımda problemlər yaradır. Hərdən həyat yoldaşım da narazı olur, deyir ki, mən ailəyə diqqət ayırmıram. Özüm də hiss edirəm ki, vaxt ayıra bilmirəm, amma mənim üçün bu cür həyat daha xoşdur. Həmişə onlayn olmaq, həmişə saytla yaşamaq...

Ümumiyyətlə bu iş elə işdir ki, insanın nəbzi saytla vurmalıdır. Sayt 24 saat işləyir, sən də saytla işləməlisən. Bəzən gecə saat ikidə saytda problem olur, sən onunla məşğul olursan. Bu iş doğrudan da çox ağır işdir. Həm də hər adam üçün olan iş deyil. Gərək bu işin dəlisi olasan ki, bacara biləsən.

Qaldı ki, sosial mediada aktivliyimə, mən sayt rəhbəri olmaqdan başqa, həm də blogerəm. Kifayət qədər izləyicilərim də var. Təbii ki, onların suallarına da cavab vermək borcumdur.

- "O boyda saytın baş redaktoruna belə statusları yazmağı yaraşdırmırıq" sosial şəbəkə istifadəçilərinin bu iradı ilə qarşılaşırsınız. Bəs nə düşünürsüz?

- Blogerlik mənim həyatımın yeganə sahəsidir ki, sırf özümə aiddir. Orada daha azadam. Məsələn, mən ateistəm, öz şəxsi feysbuk hesabımda bunu rahatlıqla ifadə edə bilirəm. Başa düşürəm ki, mən sayt rəhbəriyəmsə, öz şəxsi keyfiyyətlərimi ora hiss etdirməməliyəm.

- Azvision oxuculara niyə görə lazımdır? Sizin saytların ölkə mətbuatındakı rolu nələrdir?

- Azvision haqqında danışmağı xoşlamıram. İstər-istəməz yaxşı fikirlər demək istəyirəm ki, o da düz çıxmır. Saytın günə 40-50 min girişi olur. Son vaxtlar daha çox mobil telefon istifadəçiləri giriş edir.


- Kirpi.info saytını "Molla Nəsrəddin"in davamı adlandırmaq olarmı?

- Kirpi.info saytına indiyə qədər Aqşin Yenisey redaktorluq edirdi. Aqşinin Türkiyəyə köçməsi ilə əlaqədar olaraq, orada işlər bir az zəifləyib. Artıq bir-neçə gün sonra tanınmış jurnalist Murad Köhnəqala Kirpi.infonun redaktoru olacaq. Düşünürəm ki, Murad gələndən sonra Kirpi.info daha da güclənəcək. Aqşinin yumor hissi nə qədər güclü olsa da, daha çox dramatizmə meyilli şairdir. Murad Köhnəqala isə daha çox satirik qələmi olan jurnalistdir.

Kirpini "Molla Nəsrəddin"in davamı adlandırmaq düzgün olmazdı, böyük görünər. Amma "Kirpi"nin maarifləndirici rolu var.



- Niyə "Molla Nəsrəddin" qədər güclü ola bilmirsiz. Çatışmayan nə var?

- Bizdə karikaturaların cəmi 5-10 faizi siyasətlə bağlı olur, digərləri cəhaləti, cəmiyyətin çatışmayan cəhətlərini tənqid edir. Buna sayta baxmaqla da əmin olmaq olar. O ki qaldı, nə çatışmır? Yəqin ki, Molla Nəsrəddində toplaşan insanların nəhəngliyi bizim uşaqlarda çatışmır. Amma hesab edirəm ki, yavaş-yavaş yetişəcəklər, çox gəncdilər... (gülür)


- Baxmayaraq ki, arada bir əsrdən çox fərq var, amma “Molla Nəsrəddinçi” lər daha nəhəng görünürdülər. Cəhaləti tənqidetmə metodları da daha ədalətli idi. Daha uyğun idi. Biz dünyanın inkişafını və elmimizin daha irəlidə olduğunu iddia edirik, amma nədənsə onlar qədər böyük ola bilmirik...

"Biz kənardan daş atırıq, onlar isə döyüşürdülər".

- Bilirsən, onlar döyüşçü idi. Cəmiyyətlə, ətrafla döyüşürdülər. Onlar savaşmağa məcbur idilər. Çox güclü idilər. Biz döyüşmürük, kənardan dayanıb daş atırıq. Təsəvvür edin, döyüşən adam nə qədər güclü ola bilər, ya da qıraqdan dayanıb daş atan adam...


- Döyüşməyinizin səbəbi nədir, indi hər şey yaxşıdır?..

- İndi döyüşməyə ehtiyac yoxdur, cəmiyyət əsasən normaldır. Əsasən biz nöqtəvi zərbələr vurmağa çalışırıq. Çatışmayan yerlərə xırda daş atmağa ehtiyac var.

- Dini cəhalətin tənqidi, o dövrdə də var idi. Sabir əslində dinə yalançı mollaların gətirdiyi xürafatı, cəhaləti qamçılayırdı. Allahı, islam dinini inkar etmirdi. Hətta bir şeirində də deyir ki:

Əşhəd-ü billah-i əliykül əzim,
Sahib-i imanəm, a Şirvanlılar!
Yox yeni bir dinə yəqinim mənim,
Köhnə Müsəlmanəm, a Şirvanlılar!


Yəni Sabir əslində müsəlman olduğunu danmırdı, onun dərdi cəhalət idi. Eyni zamanda digərlərini də bura daxil etmək olar. İndi isə siz birbaşa olaraq dinsizlik və allahsızlığı təbliğ edirsiz. Belə daşünürsüz ki, cəmiyyətin nicat yolu, cəhalətdən qurtulmağın əsası ateizmdən keçir. Bəlkə, mənəviyyat önəmlidir? İnsanların Allah sevgisi onları hansınsa günahdan çəkindirir, və ya çalışmağa, fəaliyyət göstərməyə sövq edir?

- Bəli, bir çox insanlar düşünür ki, insanların qəlbində Allah qorxusu olsa, onlar daha yaxşı olarlar. Amma mən düşünürəm ki, indiki vaxtda din və mənəviyyat məsələləri üst-üstə düşmür. Razıyam ki , ola bilsin, 20-ci əsrin ortalarına qədər üst-üstə düşürdü. Kütləni idarə etmək üçün, hətta dövləti idarə etmək üçün din lazım idi. Amma bu gün din lazım deyil. Əksinə, mane olur. Məsələn, əxlaqı götürsək, mənəviyyatı götürsək, bizim dindən öyrənəcəyimiz bir şey yoxdur. Bizim başımızı nağlllarla aldadırlar. Cənnət, cəhənnəm, ölümdən sonra diriliş falan...

- Əgər sizin düşündüyünüz kimi, din və Allah haqqında, o dünya haqqında deyilənlər hamısı boşdursa, insanlar nə üçün dürüst olmalıdır, bu qədər çalışmalıdır, bu qədər işləməli, oxumalıdır? Həyatı çox asan və sadə də yaşamaq olar...

- Mən bu sualı başqa cür də qoya bilərəm ki, məsələn, həyat 60 ildən ibarətdirsə, elə özümü öldürüm, çıxsın getsin. Amma reallıq budur. Reallığı danmaqla reallıq dəyişmir. Məşhur "Kral çılpaqdır" nağılı var. Yüz min insan deyə bilər ki, Kralın əynində paltar var. Amma həqiqət odur ki, Kralın əynində paltar yoxdur. Biz həqiqəti danmaqla həqiqət dəyişməyəcək.

Həyatın mənası yoxdursa, bir-iki milyard insanın məna uydurması ilə heç nə dəyişməyəcək.

- Yəni, siz belə düşünürsünüz ki, həyatın heç bir mənası yoxdur?..

Hansısa bir şəxsin, fərdin prizmasından götürəndə, həyatın heç bir mənası yoxdur. Məncə, cəmiyyət üçün həyatın mənası genin A nöqtəsindən B nöqtəsinə daşınmasıdır. Vəssalam.

- Məşhur ilahiyyatçı Elşad Miri ilə daha çox bu barədə "Facebookda" mübahisələriniz olurdu. Belə bir fikir formalaşıb ki, əslində, Elşad Miri ilə siz yaxın dostsunuz. Bütün bunları şou kimi yaradırsınız....


- (gülür) Əslində, mən çox istərdim ki, belə bir şou varsa, həmişə davam etsin. Çünki, Elşadla məzələnmək mənim üçün böyük zövq idi. Təəssüf ki, o məni dostluqdan çıxardı və öz profilinin də köklənməsini elə qoyub ki, dostluğunda olmayanlar şərh yaza bilmir. Bununla da mən həyatımın ən böyük zövqlərindən məhrum olmuşam. Doğrudan da, Elşadı "tag" etmək qədər bu dünyada heç bir əyləncə növü yox idi. Heyif mənə çox gördü.

- Elşad Miri ilə dostluq münasibətiniz hardan başladı?

Mən "Ekspress" qəzetində baş redaktorun müavini idim. 98-99-cu illər olardı. Özüm də dindar idim. Bir oğlan gəldi ki, "burda işləmək istəyirəm". Bir yazı da gətirmişdi. Sözün açığı, onun yazısının üstündə xeyli işlədim. Yaxşı yaza bilmirdi.

- Belə çıxır ki, Elşad Mirini jurnalistikaya gətirən adam sənsən?

- Hə, onu jurnalistikaya mən gətirmişəm. Elşad bunu özü də etiraf edir. Amma şəxsi dostluğumuz həmişə davam edib. İndi də mən Elşadla küçədə qarşılaşsam, onu qucaqlayıb öpəcəm. Biz ideya, fikir rəqibləriyik. Bu da tamamilə normaldır.

O ki, qaldı "şou"ya kaş ki, bu şou həmişə davam edərdi.

- Dinə gəlməyiniz və dindən uzaqlaşmağınız necə baş verdi. Sizi dinə gətirən və uzaqlaşdıran nə idi?

90-cı illərin ortalarında Türkiyədən Azərbaycana böyük bir missioner axını olmuşdu. Ali və orta məktəblərdə yaxşı oxuyan uşaqlarla münasibət qururdular. Bizim üçün bir Türkiyəli ilə münasibət qurmaq maraqlı idi. Elə bir dövr idi ki, həqiqətən də çox çətin vaxtlar idi. Mən sizə 92-93-cü illərdən danışıram.

Dini onlardan öyrənmişdim. Onlar bizə dini doğrudan da müasir və elmlə səsləşən tərzdə təqdim edirdilər. Əslində, onlar bizim iç dünyamıza elmlə qapı tapdılar. Elm adı ilə açılan qapıdan dini də gətirdilər. Onlar bizi Quranın elmlə səsləşən bir kitab olduğuna inandırdılar.

Onda internet və digər vəsaitlər indiki qədər çox deyildi. Amma türkiyəlilər Quranın elmlə sələşən ayələrini göstərirdilər.

Belə-belə nağıllarla, bizi inandırıb, öz tərəflərinə çəkə bildilər.

- Bəs sizin inkişafınızda onların rolu oldumu?

- Ö dövr həqiqətən də çox çətin idi. Adamın yanında kimlərinsə olması, hər hansı bir çevrənin olmağı həqiqətən də adama rahatlıq verirdi.

Allaha tapınmaq, Allahıın bizə kömək olacağına inanmaq o dövr üçün gözəl şeylər idi. O mənada razıyam ki, bizim ruhdan düşməməyimizdə, öz üzərimizdə işləməyimizdə o cür şeylərin olması yaxşı təsir göstəridi.

Amma sonradan bunlar mənə mənfi tərəfdən təsir göstərməyə başladı.


- ...Və ateist oldunuz. Bu necə baş verdi? Dinə inandığınız vaxtlarda din haqqında kitablar oxuyurduz, sonradan hansı kitabları oxudunuz ki, din haqqında düşüncələriniz dəyişdi, dünyanın Allah tərəfindən yaradılmasını inkar etməyə başladınız?..

- Mən artıq şəxsiyyət olaraq tam formalaşma yaşını keçmişəm. İllərdir ki, dinin mənfi tərəfini göstərən ədəbiyyat oxuyuram, artıq mənim dünyagörüşüm o cür formalaşıb. Artıq mən dinlə bağlı eşitdiyim istənilən məsələdə onun pis tərəfləri haqqında düşünürəm, pis tərəflərini tuturam. Yaxşı tərəfləri isə mənim üçün çox dumanlıdır.

- Bəzən "Facebookda" inanclı insanları hətta təhqir edə biləcək statuslarınız olur. Bu da aqressiyaya səbəb olur. Cəhalətə qarşı vuruşmaq təhqirdən keçə bilərmi? Məsələn, avtomobildən Mirmövsümün şəklini asmaq cəhalətdirsə, onu adama hansı şəkildə demək olar ki, inciməsin və təhqir sayılmasın?

- İnsan nəyəsə inanırsa, həmin inandığı ona kömək edəcək. Bunu qəbul edirəm ki, inanc insanın daxilində olan gizli qüvvələrin üzə çıxmasında ona kömək edir. İnsan bir şeyə ürəkdən inanırsa, onu bacara bilir. Hətta xərçəng xəstəsi də nəyəsə inanıb ondan şəfa gələcəyini umsa, onun sağalma ehtimalı yüksəkdir. Xəstə bilmir ki, onun alt şüurundakı qüvvə onun xəstəliyinə kömək edə bilər. Amma inananda ki, Mirmövsüm ağa ona kömək edəcək, bu, onun daxilindəki gizli gücün hərəkətə gəlməsinə yardımçı olur. Eyni şey başqa pirlərə, namazda edilən dualara da aiddir. İnsan nəyəsə ürəkdən inanırsa, o ona kömək edəcək.

İnam fərdin həyatında işləyir, cəmiyyətin həyatında isə işləmir.

Müsəlman ölkələrində milyonlarla ata-ana dua edir, namaz qılır ki, cəmiyyətimiz rahat olsun, qan axmasın. Yenə də, ən çox qan-qadalar müsəlman ölkələrində baş verir. Amma İsveçrədə heç kimin yadına düşmür ki, allaha dua etsin ondan nəsə istəsin.

"İnsanın insandan başqa heç kimi yoxdur" düşüncəsi daha faydalıdır.

- Belə nəticəyə gəlmək olar ki, inanmaq fərdi olarsa qəbulediləndir...

- Əlbəttə, bəzən mənim iş yerimdə azan səsi gəlir. Yadıma düşür ki, mən azanın səsini dinləyərək, necə namaz qılırdım. Namazı qılanda necə bir daxili əmin-amanlıq, hüzur, sakitçilik tapırdım. Olurdu ki, xoşbəxtlikdən ağlayırdım. Fikirləşirdim ki, "sən çox güclü nəhəng qüvvənin yanındasan, ona sığınmısan." Bu, insana çox böyük, heç nə ilə müqayisə oluna bilməyəcək qədər xoşbəxtlik gətirirdi. Hərdən yadıma o anlar düşür, və düşünürəm ki, kaş ki, mən o cür qalardım, bu təkamül-məkamül, ateizm bu işlərə yönəlməyəydim.

Amma həyat belə gətirdi ki, mən ateist oldum. Həqiqəti bilmək də xoşbəxtlikdir. Tam dərk etmək ki, o dünya yoxdur, mələklər falan uydurmadı. Bu da insana daxili bir azadlıq verir.

.

Hesab edirəm ki, azadlığın verdiyi xoşbəxtliyə görə dindəki xoşbəxtliyi tərk etməyə dəyərdi.

Bu gün neoislamçılar dini fərqli şəkildə təqdim edir. Məsələn, merac dinin özəyidir. Amma Elşad Miri deyir ki, islamda merac yoxdur.

Tam səmimi deyirəm, mən müsəlman olanda meraca inanırdım. Onu olduğu kimi sevirdim. Mən bu gün neoislamçılara ona görə hörmət edə bilmirəm ki, onlar islamı olduğu kimi sevmirlər.

Mən adamlara hörmətlə yanaşıram. Qoy, inandığın axmaq bir şey olsun, amma tam inanmaq lazımdır. Yoxsa sən islamın hansısa hissəsini kəsib atıb, yerdə qalan şikəst hissəsinə inanırsan.

- Qarşıdan İslam Oyunları gəlir. Eyni zamanda qardaş Türkiyədə də islam dövlətinə yaxın bir dövlət qurulur. Belə bir vaxtda sizin baş redaktor olaraq xüsusi bir statusunuz var. Eyni zamanda sizinlə yanaşı bir çox ziyalılarımız var ki, sizin islam dininə qarşı yönəlmiş səsinizə səs verir. Bugünkü durumda bu nə dərəcədə normaldır?

- Bir çox ateistlər var ki, onlar sakit dayanır. Heç səslərini də çıxarmırlar. İlham Tumas, Qabil Abbasoğlu, "Lider"də dostlarımız var, Səbuhi Məmmədli, Tural İsmayılov, Xalid Kazımlı, kifayət qədər çoxdur.

Bizim mövqeyimiz hansısa bir siyasi gərginliyə səbəb olacaq mövqe deyil. Biz istəsək də, istəməsək də islam dövlətində yaşayırıq. Amma islama birlik, siyasi cəhətdən yanaşanda, bizə nə verdiyini bilmirəm. Ermənistan xristian ölkəsidir, bunun xeyirini hər cəhətdən hiss edir, amma biz müsəlman ölkəsi olaraq müsəlman birliyindən nə xeyir hss etmişik ki...

Hətta müsəlman ölkəsi olan İran belə Qarabağ məsələsində Ermənistanın yanında yer alır.

Bahadur Seyidov/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR