Aktyor Elxan Rza Azərbaycanda ilk qorxu filminin yazıçı Anarın "Əlaqə" povestinin motivləri əsasında 1989-cu ildə çəkildiyini bildirib.

Aktyor bu sözləri “Xənnas” filminin qala gecəsindən sonra deyib.

Metbuat.az–a açıqlama verən Elxan Rza dediyi sözləri bir daha təsdiqləyib.

“Xənnas”ın ilk qorxu filmi olduğunu hesab etmirəm. Film çəkənlər əziyyət çəkib araşdırma aparsınlar. Hər hansı filmi çəkməzdən öncə Azərbaycan kino səlnaməsinə nəzər salmağı bacarsınlar. Yalnız bundan sonra çəkəcəkləri film və filmin treyleri haqqında iddialı fikirlər səsləndirsinlər. Əsassız danışmaqdan bir şey çıxmaz".

Metbuat.az "Xənnas"ın rejissoru Elvin Abdullayevin məsələ ilə bağlı fikirlərini də öyrənib:

“Bilirsiniz, "qorxu kinosu" bir az geniş anlayışdır. Biz "ilk qorxu" yazmışıq, amma mistrik triller olduğunu da qeyd etmişik. Məsələ burasındadır ki, bu işlə məşğul olmayan adi tamaşaçılar üçun "mistik triller" termini bir az qəliz səslənə bilər. Məhz bu səbəbdən "ilk qorxu" ifadəsindən istifadə etmişik.

Bir filmin mistika janrında olması üçün isə paranormal hadisələr, metafizik varlıqlar olmalıdır, yəni ruh, cin və bu tipli varlıqlar. Məhz bu səbəbdən "Xənnas" Azərbaycan kino tarixində ilk mistik trillerdir".

Qeyd edək ki, filmin adı "Qurani-Kərim"in "Nas" surəsi ilə bağlıdır. Həmin surədə deyilir: "Xənnaslıq edən şeytanın şərindən Allaha sığınıram".

İstədiyini almayınca əl çəkməyən varlığa xənnas deyilir.

Aytən Novruzova / Metbuat.az