Fransada Emmanuel Makronun hakimiyyətə gəlməsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə, prosesin sürətləndirilməsinə nə kimi təsiri ola bilər?

Metbuat.az xəbər verir ki, Dağlıq Qarabağın işğaldan qaytarılması prosesində əsas vasitəçilərdən biri olan Fransa Cənubi Qafqazla bağlı siyasətində təxminən belə bir siyasi kurs yeridir:

Paris Gürcüstanın beynəlxalq layihələrdə iştirakına mane olmayacaq, Azərbaycandakı proseslərə birbaşa təsir edəcək, ənənəvi dostu olan Ermənistanla daha sıx əlaqələr quracaq.

Cənubi Qafqaz siyasətində Fransanın xarici siyasəti kifayət qədər uğurlu sayıla bilməz. Fransanın Cənubi Qafqazdakı əsas müttəfiqi olan Ermənistan Qərbin anti-Rusiya layihələrinə qoşulmağa o qədər də can atmır. Bu baxımdan, Ermənistana yardım etməklə, Fransa ABŞ və Böyük Britaniyanın maraqlarına qarşı çıxmış olur.

Fransa Qərb dövlətlərindən biri olaraq erməni diasporunun güclü olduğu ölkə olmaqla yanaşı, ikili standartlı xarici siyasət yürütməklə məşğuldur.

Ermənilərin fransızlarla XI əsrdən bəri sıx əlaqələrinin olması haqda “Jamanaq” (“Zaman”) qəzetinin 7 may 1950-ci il buraxılışında məlumat verilib.

XVIII əsrdən etibarən, Fransanın bəzi şəhərlərində ermənilər tədricən məskunlaşmağa başlayır. XIX əsrin əvvəllərində müxtəlif ölkələrdə yaşayan erməni tələbələrin Fransaya təhsil almaq üçün axını güclənir. Həmin tələbələr ölkədə cərəyan edən ictimai-siyasi hərəkatda iştirak etməyə başlayırlar.

1960-cı illərin əvvəllərində Avropada ən çox erməninin yaşadığı dövlət məhz Fransa olub ki, onların sayı həmin dövrdə 130 min nəfər təşkil edib.

1987-ci ilin yazında Fransanın erməni elitasının təşəbbüsü ilə Avropa parlamentinin yaz sessiyasında "erməni məsələsi"nə dair müzakirələr keçirilib. 1987-ci il noyabr ayının 18-də ermənipərəst Qorbaçovun erməni məsləhətçilərindən biri, iqtisadi məsələlər üzrə köməkçisi A.Aqanbekyan Fransada "Humanite" qəzetinə verdiyi müsahibəsində Dağlıq Qarabağın Ermənistana verilməsinin labüdlüyünü söyləyir.

Azərbaycan Respublikasının müstəqillik elan etməsindən sonra Fransada nəşr edilən “Lö Mond”, “Fiqaro”, “Parziyen” kimi mətbuatla yanaşı, “Antenn-2” və “TV -1” kanalları ölkəmizin məruz qaldığı işğalçı müharibənin əksini sübut etməyə cəhd edir. Bu isə ictimai rəyin diqqətini ermənilərin “əzilən” xalq olmasına yönəltməyə xidmət edirdi.

1996-cı ildə Lissabon sammitindən sonra ATƏT-in Minsk qrupunun həmsədrliyində Rusiya və ABŞ-la yanaşı, Fransa da təmsil olunmağa başladı.

Lakin o vaxtdan bu günə kimi Fransada prezidentlər dəyişsə də, xarici siyasət demək olar ki, birmənalı şəkildə eyni xətt üzrə davam etdirilir.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən siyasi şərhçi Arzu Nağıyev Makronun hakimiyyətə gəlməsinin Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişlərə səbəb olmayacağını bildirib:

“Makronun prezident seçilməsi ilə Fransa xarici siyasətində Dağlıq Qarabağla bağlı müsbət dəyişiklik etməyəcək. Məlum məsələdir ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədridir və bu istiqamətdə müvafiq addımlar atmalıdır. Rəsmi Moskvanın Dağlıq Qarabağla bağlı, eyni zamanda, erməni lobbisi ilə bağlı açıqlamalarından bir daha göründü ki, Fransa bu istiqamətdə Azərbaycanın xeyrinə olan addım atmaq kimi bəyanatlar vermir. Keçirilən seçki kompaniyalarında məhz erməni lobbisinin Makrona səs verməsi də bu məsələyə ciddi şəkildə təsir göstərəcək. Fransa erməni lobbisinin güclü şəkildə inkişaf etdiyi bir dövlətdir. Baxmayaraq ki, Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır, daim ermənipərəst mövqe nümayiş etdirməklə məşğuldur. Bu vaxta qədər Fransanın münaqişənin həllində sərgilədiyi mövqe göz qabağındadır. Buna görə də demək olmaz ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə müsbət istiqamətdə həllində Fransa öz mövqeyini dəyişə bilər”.

Aytən Novruzova / Metbuat.az