Avtomobillərin sığortası minik, yük və avtomobillərin digər növləri üçün əldə edilən sığortanı nəzərdə tutur.
Metbuat.az xəbər verir ki, belə sığortanın əsas təyinatı nəqliyyat qəzaları nəticəsində ortaya çıxan itki və ziyanlardan, eləcə də sığorta hadisəsi nəticəsində üçüncü şəxslər qarşısında ortaya çıxan məsuliyyətdən qorunmanın təmin edilməsindən ibarətdir.
Avtomobilin sığortasına aşağıdakı sığorta növləri daxildir:
- Tam kasko (tam avtokasko)
- Natamam kasko (natamam avtokasko)
- Mülki məsuliyyətin məcburi sığortası
- Bədbəxt hadisədən sığorta
- Əlavə avadanlığın sığortası
Sığorta müqaviləsi sizə sığorta risklərinin optimal sayını seçmək və avtomobilin dəyərini təyin etməyə kömək edər. Müştəri sığorta ödənişinin haqqını verdikdən sonra sığorta hadisəsi baş verdikdə, şirkət aşağıdakı xidmətləri göstərir:
- Yol-hərəkət hadisəsi yerinə gediş, avtomobilin evakuasiyası zamanı kömək
- Ən qısa müddətdə təmirin təşkili
- Təmirin keyfiyyətli olmasına nəzarət
- Dəyən maddi zərərin ekspertlər tərəfindən qiymətləndirilməsi
- Qəza hadisəsi təfərrüatının aydınlaşdırılmasında hüquqi kömək
Məsələ ilə bağlı metbuat.az-a açıqlama verən Sığorta hadisələrinin tənzimlənməsi departamentinin baş mütəxəssisi Oqtay Şeydabəyov avtomobillərin sığorta hadisəsindən danışıb:
“Qəza baş verən kimi sürücü sığorta şirkəti ilə əlaqə saxlayıb hadisə barədə məlumat verməlidir. Eyni zamanda, qarşı tərəfin icbari sığortaya zəng vurub məlumat verməsini tələb etməlidir. Çünki heç kəs hadisənin 100% hansı tərəfdən baş verdiyini bilmir. Sürücü dövlət yol polisinə də zəng vurub məlumat verməlidir. Azərbaycan Respublikasının Sığorta qanunvericiliyi"ndə xüsusi bənd var ki, sığorta şirkəti hadisəylə bağlı heç bir şübhəli məqam tapmarsa, dövlət yol polisinin iştirakı olmadan da sürücüyə dəymiş zərərin əvəzi kimi1000 manat ödəyə bilər. Lakin dəymiş zərər 1000 manatdan yuxarı olarsa, yol polisi mütləq şəkildə hadisənin gedişatında iştirak etməlidir. Hər hansı fövqəladə hal baş verdikdə, yaxud da avtomobilin üzərinə müxtəlif vasitələr düşərsə, bu zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən, sahə müfəttişi tərəfindən akt tərtib edilməlidir. Sonra isə sığorta əməkdaşı hadisə yerinə gəlir, hadisə haqda məlumatlar alır, qeydlər aparır. Ərizə alır, hadisə yerində avtomobilin şəkillərini çəkir. Yol polisi hadisə yerinə gəlib vəziyyəti qeydə aldıqdan sonra əgər avtomobil sürülərək aparıla bilmirsə, evakuatorla, sürülərək aparıla bilərsə, sürücü tərəfindən idarə edilərək cərimə meydançasına aparılır. Avtomobilə dəymiş zərər müəyyənləşdirilir, qiymətləndirilir. Müştəri dövlət yol polisi tərəfindən hadisənin qeydə alınmasını təsdiq edən arayışı ( Forma 3) gətirib sığorta şirkətinə təqdim edir. Həmin arayışa əsasən, şirkət zərəri müəyyənləşdirib müştəriyə sığorta ödənişi haqda məlumat verir. Müştəri müvafiq sığorta sənədlərini imzaladıqdan sonra məbləğ 2 gün ərzində onun hesabına köçürülür. Bir qayda olaraq, şirkət əməkdaşları müştərilərlə görüşlərini audio yazılı şəkildə qeydə
alır. Müştəriyə danışıqların qeydə alınması haqda məlumat verilir. Bu da
işin keyfiyyətini yüksəldir. Müştəri ilə şirkət arasında sonradan
yarana biləcək mübahisələrin qarşısını alır".
Aytən Novruzova / Metbuat.az