Bakı. Hüseyn Vəliyev - Trend:

Su polosu üzrə Azərbaycan milli komandası rəqibin böyük təcrübəsinə baxmayaraq yaxşı oyun göstərdi.

Bunu Trend-ə 9-7 hesabı ilə Azərbaycanın xeyrinə başa çatmış İndoneziya ilə görüşü şərh edən milli komandanın baş məşqçisi Ənvər Məhərrəmov deyib.

O deyib: “İndoneziya komandasının böyük təcrübəsi var və Asiya Çempionatında oynayır. Bizim məşqlərimiz və oyun taktikamız uğur gətirdi. Bizi sabah Türkiyə, mayın 17-də isə Səudiyyə Ərəbistanı ilə oyun gözləyir”.

Onun sözlərinə görə, İslam Həmrəyliyi Oyunları Azərbaycanda su idmanı növlərinə, xüsusilə də su polosunun inkişafına təkan verəcək: “Bildiyiniz kimi, Bakı-2015 Avropa Oyunları ərəfəsində dövlət başçısı bizə Su idmanı kompleksindən istifadə etməyə imkan yaratdı. Bu kompleksdə su polus üzrə yaxşı qruplar yaradılıb. Bizə yaradılan gözəl şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.