​ADGTT iki beynəlxalq teatr festivalında iştirak edəcək

ADGTT daha iki Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Metbuat.az xəbər verir ki, Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin paytaxt elan olunmasının 19 illiyi ilə əlaqədar Astana şəhərində ənənəvi olaraq hər il keçirilən “Səhnədən salam” V Beynəlxalq Teatr Festivalı baş tutacaq.

Sözügedən Beynəlxalq Teatr Festivalında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ölkəmizi təmsil etmək üçün dəvət alıb.

İyun ayının 12-dən – 18-dək davam edəcək festivalda ADGTT görkəmli İsveç dramaturqu Lars Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası ilə iştirak edəcək.

Məlumat üçün bildiririk ki, tamaşa bir çox xarici ölkələrdə keçirilmiş Beynəlxalq Teatr Festivallarında teatrımıza mükafatlar qazanıb.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, əsas obrazların ifaçıları Əməkdar Artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Rasim Cəfərov, aktyorlar Zümrüd Quliyeva və Səbinə Məmmədovadır.

ADGTT-nın iştirak edəcəyi ikinci Beynəlxalq tədbir Belarus Respublikasının Mogilyovskiy vilayətinin Bobruysk şəhərində keçiriləcək XIV “Dostluq çələngi” adı Beynəlxalq Xalq Yaradıcılığı Festivalı olacaq. Sözügedən beynəlxalq festivalda ölkəmiz Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə təmsil olunacaq.

Festival Belarus Respublikası Mədəniyyət Nazirliyi, Belarus Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Mərkəzi Komitəsi, Bobruysk Şəhər İcra Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Iyun ayının 28-dən – iyulun 3-dək davam edəcək festival çərçivəsində müsabiqələr, şəhərin küçələrində bayram paradı, təntənəli açılış və bağlanış mərasimləri, yaradıcılıq görüşləri və konsertlər keçiriləcək.

Tamaşada Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar Artisti Şövbqi Hüseynov kontrabasçı rolunda çıxış edəcək.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR