"Şalvarının düymələrini kəsib qayışını belindən açdım"

Müəllifi : Ehsan Hacıyev

Hazırlayıb təqdim edəni: X.Telmanoğlu

Yazı Metbuat.az-ən "ARXİVDƏN" layihəsi çərçivəsində təqdim olunur. Məlumatdan istifadə olunarkən, istinad mütləqdir.

1966-cı il idi.

Şöbəyə daxil olan məlumata görə mən təcili sürücü İsmi və işçi Şəriflə hadisə yerinə getdim. Dedim, doğrudan da, əgər orada qoyun varsa, biz qalaq həll edək. Oraya çatanda gördüm ki, dedikləri məlumat düz imiş. Tez aşağı yatdıq, İsmiyə dedim, maşını sür, get, rəisi tap, təcili bizə kömək göndərsin. Sonra da forma pencəyimi və furajkamı çıxarıb maşında qoydum ki, kənardan diqqəti cəlb etməyim.

Məlumat verən şöferin dediyi kimi ayaqları qara elektrik məftili ilə bağlanmış 4 baş qoyun yulğun ağacının altında dururdu. Biz qoyunların yanında yerə yatdıq. İsmi avtomaşını sürüb getdi, təxminən 1 saatdan sonra qayıdıb durduğu yerdə dayandı və avtomaşının pilləkəninə qalxıb nəsə işarə etdi. Bu vaxtı artıq hava qaralmaq üzrə idi deyə biz bir-birimizi başa düşmədik. Belə olduqda Şərifi göndərdim İsmiyə desin ki, lap rəisin evinə getmək lazım olsa da, təcili mənə kömək gətirsin, özün isə yanıma qayıt.

Şərif gedib maşına mindi, maşın getdi, mən qoyunların yanında 6 saata kimi tək qaldım. Bir az keçmişdi ki, ayaq səsləri eşidib, tapançanı üst ayağa qoyub, qoyunların arasına sürünüb özümü gizlətməyə çalışdım. Elə bu vaxt bir nəfər əyilib qoyunun ayağından tutarkən, cəld üstünü kəsib “tərpənsən atacam” - deyə silahı ona dirədim. Naməlum adam dərhal məni tanıdı ki, səni qardaşın Nazimin canı, məni öldürmə (Nazim mənim böyük qardaşımdır). Mən təkəm heç bir yoldaşım yoxdur. Səni yaxşı tanıyıram, adım da Əlövsətdir. Lap milis şöbəsinin yanında yaşayıram. Kömək edim qoyunları bir yerdə aparaq, məni öldürmə, mən heç kimin həyətindən qoyun oğurlamamışam. Səhər çiskin və dumanlı hava idi, bu qoyunları sahibsiz görüb texniki təmir müəssisəsinin həyətindən qara elektrik məftili də götürüb qoyunları buraya sürüb ayaqlarını bağladım.

Mən Əlövsətin şalvarının düymələrini kəsib qayışını belindən açdım. Qollarını qayışla arxadan bağladım. Şalvarının küfəsini əlləriylə tutdu.Ayaqqabılarını çıxarıb ipləri ilə bir-birinə bağlayıb boğazından keçirib xurcun kimi arxasına aşırdım.

Artıq belə vəziyyətdə onun heç yerə qaça bilməyəcəyindən arxayın olduqdan sonra qoyunların ayaqlarını açıb onları bir-birinə bağlamağa başlamışdım. Elə bu vaxt üzərimizə avtomaşın işığı düşdü. Mən yenidən Əlövsəti yerə yatızdırıb silahı üst ayaqda saxlayaraq ondan tələb etdim ki, yoldaşlarının kimliyini desin, o isə israrla and içirdi ki, heç bir yoldaşım yoxdur. Bu zaman avtomaşın yaxınlıqda dayandı və dərhal İsmi qışqırdı ki, qorxma, gələn bizik.

İsmi ÇAX üzrə əməliyyat inspektoru İsmayılovla birlikdə köməyə gəlmişdi.

Ağdaşda işlədiyim 10.04.1965-ci il tarixindən 10.04.1967-ci il tarixinə kimi olan müddət ərzində üzləşdiyim və bilavasitə açılmasında iştrak etdiyim cinayət işlərinin az bir qismindən sizə söhbət açdım. İş bununla bitsə, daha ciddi və mübariz olmaq olardı. Lakin səndən asılı olmayan bir çox xidməti amillər, ailə qayğısı, hətta hədə-qorxular adamın əl-qolunu bağlayırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR