Bu gün Bakı vaxtı ilə saat 22.45-də Çempiaonlar Liqasının final oyunu keçiriləcək və Avropanın iki güclü klubu - "Real"la "Yuventus" qarşı-qarşıya gələcək.


"Qaynarinfo" Azərbaycanın tanınmış siyasətçilərinə, ekspertlərə və sənət adamlarına müraciət edərək finalda hansı komandanı favorit gördüklərini soruşub. Həmin sorğunu təqdim edirik:


"Ümid" partiyasının sədri İqbal Ağazadə: "Yuventus"a azarkeşlik edirəm və düşünürəm ki, onlar qalib gələcək"


Aktyor Rasim Balayev: "Sözsüz ki, "Real" güclüdür, amma mən "Yuventus"a azarkeşlik edirəm".


Millət vəkili Fazil Mustafa: "Hər ikisi güclü komandadır, lakin Ronaldonun oyununu bəyəndiyim üçün "Real"ın uduzmasını istəmərəm. Amma ümumilikdə azarkeşlik etdiyim klub yoxdur".


Xanəndə Arif Babayev: "Hansı bizə daha yaxındırsa, ona azarkeşlik edirəm. Futbolu sevirəm, amma axır vaxtlar müsabiqələr, ev qayğıları, universitetdəki imtahanlar, tədbirlər başımı o qədər qatıb ki, izləyə bilmirəm". "Yuventus", yoxsa "Real"?" sualımıza isə xalq artisti əvvəlcə "Siz hansına balet edirsiniz?" deyib güldü, sonda isə "Madrid, Madrid", deyə qışqırdı.


Müğənni Ədalət Şükürov: "Futbolla o qədər də maraqlanmıram, amma ispan dilini bildiyimdən daha çox ispanlara azarkeşlik edirəm və düşünürəm ki, çempion "Real" olacaq".


BŞDYPİ-nin ictimai əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov: "Mən istəyirəm ki, "Yuventus" qalib gəlsin. Komandaya azarkeşlik etmirəm, amma orada yaxşı oyun nümayiş etdirən futbolçular var".


PFL-in prezidenti Ramin Musayev: "Real" qələbə qazanacaq".


Rejissor Ramiz Əzizbəyli: "Mən düşünürəm ki, birincilik Ronaldonun komandasınındır, amma xüsusi olaraq Messinin komandasına azarkeşlik edirəm".


Fanat.az