Naxçıvanla Şərqə açılan qapı

Naxçıvanla Şərqə açılan qapı
22:05 5 İyun 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Hələ təyyarənin uçuş vaxtına xeyli qalsa da, nümayəndə heyəti üzvlərinin çoxu artıq hava limanında idi. Naxçıvana ikinci səfərin də bu qədim diyarla ilk tanışlıq kimi yaddaqalan olacağına əmin olduqları, elə üzlərindən sezilirdi. Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasına təşkil olunan birinci səfərə dəvət almayan KİV rəhbərləri, ilk səfərdə iştirak edən həmkarlarından  Naxçıvanla bağlı təəssüratlarını öyrənir, intizarla tarixi, mədəni abidələrlə zəngin torpağa qədəm qoyacaqları vədənin yetişməsini gözləyirdilər. 

Qədim diyara üç günlük səfər...

Budəfəki üç günlük səfərdə Bakıdan Naxçıvana yola düşən  20 nəfərlik nümayəndə heyətinin tərkibinə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, "Ədalət qəzetinin" təsisçisi, millət vəkili Aqil Abbas, "Xalq qəzeti"nin baş redaktoru   Həsən Həsənov, Fondun Müşahidə Şurasının sədr müavini, "İki Sahil" qəzetinin baş redaktoru  Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı, "Trend" İnformasiya Agentliyinin baş direktoru  İlqar Hüseynov,  "İnterfaks" İnformasiya Agentliyinin direktoru  Aleksandr İvanov, "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "525-ci qəzetin" baş redaktoru Rəşad Məcid, "Olaylar" İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz, "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev,  Azərbaycan Mətbuat Şurasının sədr müavini,  "Jurnalistlərin Həmkarlar İttifaqı"nın sədri Müşfiq Ələsgərli,  "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Həftə İçi" qəzetinin baş redaktoru Sevinc Seyidova, "Palitra" qəzetinin baş redaktoru  Namiq Əliyev, "Azernews" qəzetinin baş redaktoru Sevil Mikayılova, KİVDF-nin informasiya texnologiyaları üzrə mütəxəssisi  Mirsəid Ağayev, eləcə də "Movqe.az" saytının müxbiri Zülfiyyə Quluyeva daxil idi.

Nümayəndə heyətinin səfərinin əsas məqsəd məramı isə Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolunu müzakirə etmək, hər qarışından tarix boylanan bu qədim diyarın gəzməli-görməli yerlərinin təbliğində ölkənin aparıcı mətbu orqanlarının imkanlarından istifadə etmək idi.  Budur, artıq vədə yetişmişdi. Saat 07:30-da Bakıdan Naxçıvana səfər edən 20 nəfərlik nümayəndə heyəti Bakı-Naxçıvan aviareysi ilə Naxçıvana yola düşdü. Qoca Şərqin Qapısının astanasında nümayəndə heyətini Ali Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Ülvi Hüseynli və Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin baş redaktoru Ramal Məmişov qarşıladı.  Təbriz mehmanxanasına yerləşən qonaqlar Naxçıvan səfərlərinə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etməklə başladılar. Abidə önünə gül dəstələri düzdükdən sonra nümayəndə heyəti Heydər Əliyevin adını daşıyan muzeydə Ulu Öndərin həyat yolu və siyasi fəaliyyətini əks etdirən dəyərli eksponatlarla tanış oldular.

Ulu öndərin həyat və fəaliyyətinə işıq tutan muzey...

Heydər  Əliyev  Muzeyinin direktoru Ramil Orucəliyev qonaqların diqqətinə çatdırdı ki, Ulu öndərin adını daşıyan muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 1999-cu ildə imzaladığı sərəncam əsasında yaradılıb. O, muzeyin Heydər  Əliyevin həyatı və ictimai-siyasi fəaliyyətinə dair materialların toplanması, komplektləşdirilməsi, mühafizəsi, tədqiq və təbliğini həyata keçirən mədəniyyət və elmi-tədqiqat müəssisəsi olduğunu vurğuladı. Muzey fondunda ümummilli liderin həyat və fəaliyyətini özündə əks etdirən 4602 ədəd eksponatın toplandığını deyən R. Orucəliyev bunlardan 3269 ədədinin  ekspozisiyada və kitabxanada nümayiş etdirildiyini diqqətə çatdırdı: "Bu eksponatlar ümummilli liderimizin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ümummilli liderimizin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir".

Muzeyə daxil olan kimi  ekspozisiyanın girişində üzərində Heydər Əliyevin "Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır" sözləri yazılmış lövhə və Ulu öndərin qızıl suyuna çəkilmiş  heykəli diqqəti cəlb edir. Sağ stenddə  isə Heydər Əliyevin 1969-2003-cü illər ərzində Naxçıvan Muxtar Respublikasına tarixi səfərləri zamanı çəkilmiş fotolar nümayiş etdirilir.

Ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi illərdə qəbul etdiyi tarixi qərarlar muzeydə nümayiş etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləmiş ümummilli liderimiz Heydər Əliyevin iş otağında istifadə etdiyi çıraq, xidməti telefon, stolüstü saat, vaza, qələmdan, kürsülük, dirsəklik, mərmər qovluq qabı və digər xatirə əşyaları  muzeyin ən qiymətli eksponatları sırasına daxildir və bu əşyalar şkafda nümayiş olunur".

Peşəkar kadr hazırlayan universitetlə tanışlıq...

Muzeylə tanışlıqdan sonra qonaqlar Naxçıvan Dövlət Universitetinin Media Mərkəzi, Universitet Televiziyası və "Nuhçıxan" radiosunun iş şəraiti ilə tanış oldular. Universitetin Tədris İşləri üzrə prorektoru Seyid Surə KİV rəhbərlərinə Media Mərkəzi barədə məlumat verərək bildirdi ki, 2001-ci ildən universitetdə Jurnalistika ixtisası üzrə kadr hazırlığına başlanılması,  eləcə də 2002-ci ildə Jurnalistika və dünya ədəbiyyatı kafedrasının təşkili bu sahədə işlərin sistemli və mütəşəkkil aparılmasını şərtləndirib.

Hazırda Media Mərkəzində jurnalistika ixtisası üzrə kadrların hazırlandığını söyləyən prorektor universitet televiziyasının yaradılmasının nəzəri biliklərin informasiya-kommunikasiya texnologiyalarının köməyi ilə tədrisinə, ali məktəb həyatının işıqlandırılmasına böyük təkan verdiyini diqqətə çatdırdı: "Studiya, rejissor və montaj otaqları, redaksiya otağı, auditoriyalardan ibarət olan televiziya Naxçıvan MR Ali Məclisinin Sədri, Vasif  Talıbovun diqqət və qayğısı ilə ən son texniki avadanlıqlarla təchiz edilib. Televiziyanın hazırladığı elmi-maarifçilik proqramları tələbə gəncliyin inkişafında önəmli rol oynayır.Dövlət qayğısı və universitet rəhbərliyinin təşəbbüsü ilə televiziyanın davamlı fəaliyyət göstərməsi üçün lisenziya alınıb, universitet televiziyasında hazırlanan verilişlərin şəhər daxilində yayımlanması üçün tezlik ayrılıb".

Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu müzakirə edildi...

Universietlə tanışlıqdan sonra "Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu" mövzusunda konfrans keçirilib. Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli konfrans iştirakçılarını salamlayaraq ölkənin aparıcı media rəhbərlərinin Naxçıvana ikinci dəfə səfər etdiyini bildirib. O deyib ki, ötən ilin oktyabr ayında da KİVDF-nin həyata keçirdiyi layihə çərçivəsində media rəhbərləri 20 nəfərlik heyətlə Naxçıvana səfər ediblər. V. Səfərli ötən il baş tutan səfərin Naxçıvan Muxtar Respublikasının ali orqanları ilə media arasında əlaqələrin genişləndirilməsi məqsədini daşıdığını söyləyib. İcraçı direktor budəfəki səfərin məqsədinin isə Naxçıvanın turizm potensialının tanıdılmasında medianın köməyindən istifadə etməkdən ibarət olduğunu bildirib.

Naxçıvana səfərə gələn Nümayəndə Heyəti ilə konfrans iştirakçılarını tanış edən V. Səfərli Naxçıvanın böyük turizm potensialına malik olduğunu söylədi: "Biz ötən səfərimizdə də Naxçıvanın tarixi və mədəni abidələrlə zənginliyinin, turizm cəlb etmək üçün böyük potensiala malik olduğunun şahidi olduq. Bu gün Naxçıvanda turistlərin maraqlandıran Duzdağ Fizioterapiya Mərkəzi var ki, bu şəfa ocağının potensialından lazımınca istifadə olunmur. Bizim Naxçıvana səfərimizin məqsədi də, bu cür turizm obyektlərini mediada geniş təbliğ etməklə Naxçıvan Muxtar Respublikasına dəstək olmaqdır".

Daha sonra konfransda Naxçıvan Dövlət Universitetinin Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Şirəliyeva çıxış edib. Ş. Şirəliyeva Naxçıvan Muxtar Respublikasında KİV-in hərtərəfli qayğı ilə əhatə olunduğunu söyləyib. Ş. Şirəliyeva Naxçıvanda azad mətbuatın inkişafının, söz azadlığının təmin olunması və informasiyanın operativ çatdırılmasının diqqətdə saxlanıldığını söyləyib.

Konfransda çıxış edən Naxçıvan Universitetinin iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarov Naxçıvan Muxtar Respublikasının ölkəmizin mühüm turizm mərkəzlərindən olduğunu söyləyib: "Muxtar Respublikanın turizm potensialı turistlərin və bura ilə maraqlanan hər kəsin diqqətini cəlb edir. Keçmiş İttifaq dövründə sərhədyanı bir region kimi xarici turistlərin üzünə bağlı olmuş muxtar respublika indi hər yerdən gəlmiş turistlərlə dolub daşır. Turistlərə xidmət göstərən gömrük-keçid məntəqələri, ən müasir təyyarələri qəbul edən beynəlxalq hava limanı, etibarlı yol-nəqliyyat infrastrukturu, müasir komfort standartlarına cavab verən mehmanxanalar, zəngin milli mətbəx təklif edən yeməkxana və restoran müəssisələri, qədim və zəngin tarixi-mədəni irs, turistlərin muxtar respublikanın hər bir nöqtəsində rahat hərəkətini təmin edən təhlükəsiz şərait Naxçıvana gələn turistlərin sayını artırıbdır".

Konfransda çıxış edənlər Muxtar Respublikanın turizm potensialının daha çox təbliğ olunması üçün müxtəlif təkliflər səsləndirdilər. N. Əliyev öz çıxışında Naxçıvanda tarixi abidələrinin təbliği ilə daha çox turist cəlb etməyin mümkünlüyünü vurğulayıb. Konfrans qarşılıqlı müzakirələrlə davam edib. Tədbirin sonunda Universitetin jurnalistika fakultəsinin tələbləri də öz fikirlərini səsləndirdilər. Konfransdan sonra, günün ikinci yarısında nümayəndə heyəti "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə xatın və Açıq Səma Altında Muzey Kompleksi və  "Əshabi-Kəhf Ziyarətgahı"na səfər ediblər. 

Bakı-Naxçıvan-Bakı 

Zülfiyyə QULUYEVA

Movqe.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551522.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR