Sosial mediada yayılan Seyid Ağa vəsiqəsi günün müzakirə mövzusuna çevrilib.

“Seyidlik fırıldağın başqa bir adıdır”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı ilahiyyatçı Elşad Miri bildirib.

Onun sözlərinə görə, nə peyğəmbərin dövründə, nə də onun yaxın çevrəsində belə bir anlayış olmayıb:

“Bu gün seyid deyiləndə belə bir fikir ortaya atılır ki, seyidlik Məhəmməd Peyğəmbərin (s.ə.s.) nəslindən gələnlərə verilən addır. Araşdırılan zaman isə məlum olur ki, Məhəmməd Peyğəmbərin nəslindən gələnlərə deyil, İmam Hüseynin nəslindən gələnlərə seyid deyilir. İmam Hüseynin böyük qardaşı olan İmam Həsənin nəslindən gələnlərə isə şərid deyilir. Amma bu gün nədənsə şəridliyə deyil də, seyidliyə üstünlük verilir”.

Bu cür insanlar digərlərindən seçilməlidirmi?

İlahiyyatçı qeyd etdi ki, “Qurani Kərim” deyilir ki, insanların Allah yanında üstünlüyü ancaq “Təqva” ilədir:

““Təqva” Allaha qarşı məsuliyyətli, həssas davranmaq deməkdir. Amma “Qurani Kərim”də başqa misallar da var. Nuh Peyğəmbərin oğlu kafir olub. Adəm Peyğəmbərin Habil və Qabil adlı övladları bir-birini öldürüb. İbrahim Peyğəmbərin atası bütlər düzəldib, onu insanlara satan bir şəxs olub. Bundan başqa, Yusif Peyğəmbərin qardaşlarının onun başına açmadığı oyunlar qalmayıb. O zaman hansı seyidlikdən söhbət gedir? Ona görə, seyidlik sonradan uyudurulmuş bir məsələdir. Nə Peyğəmbərin dövründə, nə də Peyğəmbərin yaxın çevrəsində belə bir anlayış olmayıb. Bu, sadəcə sonradan ortaya çıxıb və bəzi hakimiyyətlər ondan sitifadə ediblər. Həmin dövrün ictimai fikrinə təsir etmək üçün bu cür insanlardan istifadə olunub. Osmanlı tarixində onların hərbi xidmətdə iştirak etmələrinə belə icazə verilməyib. Hətta onlara aylıq maaş verilib. Sonradan insanlar bundan istifadə edərək, peyğəmbər nəslindən gəldiyi iddia edilən şəcərələri pulla satın alıblar. Bu gün araşdırıldığı zaman yüz minlərlə seyidin olduğu ortaya çıxır. Bu da fırıldağın başqa bir adıdır”.

Xəyalə Məmmədova / Metbuat.az