Sumqayıtda uşaqlar arasında baş verən kütləvi zəhərlənmə son günlər ölkə gündəminin əsas xəbərinə çevrilib.
Metbuat.az xəbər verir ki, sosial mediada yer alan xəbərlərə görə, son 3 gündə Bakının Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Novxanı kəndində, həmçinin Sumqayıtın Saray və Ceyranbatan qəsəbələrində yaşayan 2-7 yaşlı 119 uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Uşaq Xəstəxanasına yerləşdirilib. Valideynlər zəhərlənməyə səbəb kimi suyu göstəriblər.
Qeyd edək ki, xəstəxanaya gətirilən uşaqların hamısı Şollardan gələn yeraltı kanal vasitəsi ilə içməli su ilə təchiz edilmiş evlərdə yaşayır. Ehtimal edilir ki, su kanalına kənar su qarışıb.
Hadisə ilə əlaqədar zəhərlənən uşaqların müalicə aldığı Sumqayıt şəhər Uşaq Xəstəxanasında olduq.
Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədli Metbuat.az-a açıqlama verərək, vəziyyətin nəzarət altında olduğunu bildirdi:
“Sumqayıt şəhərində və ətraf qəsəbələrdə baş vermiş kütləvi zəhərlənmə ilə bağlı xəstəxanaya yerləşdirilmiş uşaqların əksəriyyəti evə buraxılıb. Vəziyyət nəzarət altındadır. Yeni gələnlər də artıq yoxdur. Narahatlığa da əsas yoxdur”.
Gördüklərimiz isə deyilənlərin tam əksini deyirdi. Qəbul otağında müayinədən keçən uşaqların bir neçəsi Sumqayıt Şəhər Uşaq Xəstəxanası Yoluxucu Xəstəliklər Korpusuna göndərilirdi. Korpusun qarşısındakı insanlar da zəhərlənən uşaqları üçün burda olduqlarını deyirdi.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Anar Cəbrayıllı açıqlamasında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında qeydə alınmış zəhərlənmənin içməli sudan baş vermədiyini deyib:
“Əməkdaşlarımız suyun tərkibini yoxlayıblar. Fiziki, bakterioloji və kimyəvi baxımdan standartlara tam uyğundur. Hadisənin su ilə bağlılığı, əlaqəsi yoxdur”.
Məsələ ilə bağlı açıqlama verən Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov nəticələrin günün ikinci yarısından sonra məlum olacağını bildirib.
Aytən Novruzova / Metbuat.az