Bu gün sürü şəklində gəzən sahibsiz itləri nəinki şəhərətrafı, hətta Bakının mərkəzində də görmək mümkündür. Zərəsiz kimi görünsələr də, əslində onlar hansısa virusun daşıyıcılarıdır. Bu da insanlar üçün olduca təhlükəlidir. Üstəlik həmin heyvanların sayı durmadan artmaqdadır. İnzibati Xətalar Məcəlləsində heyvanları öldürənlərə qarşı 500 manat cərimə nəzərdə tutulduğundan, onlara toxunulmur. Bu yaxşı haldır, lakin məsələnin həlli deyil.
Sahibsiz heyvanların qoruma mərkəzləri sığınacaqlarda yer olmamasından şikayətlənir. Kinoloqlar da həmin sığınacaqların sayının az olmasından.
Məsələ ilə bağlı Metbuat.az-a münasibət bildirən kinoloq Nurxan Teymurov deyib ki, sahibsiz itlərin artmasına səbəb onların qısırlaşdırılmamasıdır:
“Problemin ən yaxşı yolu həmin heyvanları qısırlaşdırmaqdır. Belə edilərsə, problem 5-10 ilə tamamilə həllini tapacaq”.

Azərbaycan Heyvanları Xilasetmə Mərkəzindən Metbuat.az-a verilən açıqlamaya görə, heyvanları qısırlaşdırmaqdan savayı başqa variant yoxdur:
“Heyvan öldürmək 500 manat cərimədir. Heç bir insanın hansısa bir canlını öldürməyə ixtiyarı yoxdur. Ancaq bir variant var: Heyvanlar tutulub mərkəzlərə gətirilsin, qısırlaşdırılsın. Bununla bağlı addım atılmalıdır. Ya heyvanlara peyvənd vurulmalı, ya da onlara “çip” qoyulmalıdır”.
Xəyalə Məmmədova / METBUAT.AZ