Sahibkar olmaq istəyən gənclər üçün ARAŞDIRDIQ...

Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin davamlı inkişafı dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir.

Metbuat.az xəbər verir ki, bu sahədə qanunvericiliyin, inzibati prosedurların və dövlət-sahibkar münasibətlərinin təkmilləşdirilməsi istiqamətində son illər dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilir.

“Gənclərin biznes ideyalarının formalaşması və həyata keçirilməsinə dövlət tərəfindən böyük dəstək var”.

Bu sözləri Metbuat.az-a açıqlamasında İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib.

“Gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün İqtisadiyyat Nazirliyi tərəfindən sistemli tədbirlər həyata keçirilir. Sahibkarlığa başlamaq istəyən gənclər üçün treninqlər təşkil olunur. Bir faktı qeyd edim ki, indiyə qədər 1030 treninq təşkil olunub. Treninqlərdə də təxminən 30 minə yaxın iştirakçı olub. Gənclərin biznes ideyalarının formalaşması və həyata keçirilməsinə dəstək məqsədilə Yevlaxda, Xaçmazda Regional İnkişaf Mərkəzləri fəaliyyət göstərir. Onların tərkibində biznes inkubatorları fəaliyyətdədir. Hazırda Yevlaxda 21 gənc, Xaçmazda 25 gənc biznes inkubator iştirakçısı olaraq, lazımi avadanlıqlar və ofislə təmin olunub ki, onlar orada biznesin sirrlərinə yiyələnsinlər. Həmçinin, gənclərin biznes ideyalarının formalaşmasına dəstək göstərilir. Növbəti mərhələlərdə formalaşmış biznes ideyalarının həyata keçirilməsi üçün həmin gənclərə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlər də verilə bilir".

İşgüzar forum iştirakçılarının bir qismi gənclərdir

Eyni zamanda, gənclərə Bakı Biznes Tədris Mərkəzi tərəfindən məsləhət xidmətləri göstərilir. Baki Biznes Tədris Mərkəzi sahibkarlığa başlamaq arzusunda olan gənclər üçün distant təlimlər də keçirir. Yəni, Bakı Biznes Mərkəzinə gəlmədən video-bağlantı ilə həmin təlim kurslarında iştirak etmək imkanı yaradılıb. Gənclərin sahibkarlıq sahəsində biliklərinin artırılması, bacarıqlarının inkişaf etdirilməsi məqsədilə birgə proqram çərçivəsində Almaniyaya bir aylıq kurslar təşkil olunur. Artıq 319 nəfər bu imkandan yararlanıb ki, onların da böyük əksəriyyəti gənclərdir. Onlar təlimlər keçməklə bərabər, istehsal prosesi ilə tanış olurlar. Özlərinə biznes tərəfdaşları tapırlar və ölkəyə qayıtdıqdan sonra qazandıqları bilikləri işlərində tətbiq edirlər.

Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə də ölkənin müxtəlif bölgələrində işgüzar forumlar təşkil olunur. İşgüzar forumlarda iştirakçıların bir qismi gənclərdir. Şübhəsiz ki, həmin gənclər biznes planlarının tərkibi, həmin iqtisadi region üçün prioritet olan sahələrlə bağlı məlumat alırlar. Aparılan tədbirlər nəticəsində gənclər ölkədə sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şəraitdən yararlanırlar. Xaçmazda fəaliyyət göstərən Regional İnkişaf Mərkəzində müəyyən kurslar da təşkil olunur. Xüsusilə, xalçaçılığın inkişaf etdirilməsi üzrə kurslar fəaliyyət göstərir. Peşəkar xalçaçılar gənclərə sənətin sirlərini öyrədirlər. Ölkədə yaradılmış əlverişli işgüzar mühit gənclərin sahibkarlıqla məşğul olmasına şərait yaradır”.

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR