Formula 1 - Azərbaycan Qran-Prisi başlayır

Formula 1 - Azərbaycan Qran-Prisi başlayır
08:17 23 İyun 2017
22 İdman
Ölkə mətbuatı
A- A+

İyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan paytaxtında artıq ikincidi dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotların birinci və ikinci sərbəst yürüşləri olacaq. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Ötən il Bakı mərhələsinin qalibi Niko Rosberq ("Mercedes") olub. 2016-cı ildə Bakı Şəhər Halqasında ən yüksək sürətə (378 km/saat) finlandiyalı pilot V.Bottas imza atmışdı.

Ümumilikdə yarışda liderlik "Ferrari" təmsilçisi Sebastian Fettelə məxsusdur. Onun hesabında 141 xal var. Liderdən 12 xal geri qalan Lyuis Hamilton ikinci, 93 xal toplayan Valtteri Bottas isə üçüncüdür.

Konstruktorlar Kubokunda "Mercedes" 222 xalla birinci, "Ferrari" 214 xalla ikinci, 112 xallı "Red Bull" isə üçüncüdür.

İndiki qaydalara əsasən bolidlərin eni 20 sm artırılıb. Bu il 11 deyil, 10 komanda çempionluq uğrunda mübarizə aparır. Belə ki, "Manor Racing" Formula 1 yarışmasını tərk edib.

Bakıda Qran-Pri ilə yanaşı, Formula 2 yarışı da təşkil olunacaq. Formula 2-nin ilk yarışı iyunun 24-də, qrid düzülüşü ilə baş tutacaq ikinci yarış isə bir gün sonra keçiriləcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR