““Formula 1” yarışlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox müsbət bir hadisədir”.

Bu sözləri Metbuat.az-a açıqlamasında millət vəkili Elman Nəsirov bildirib. Onun sözlərinə görə, bu yarış Azərbaycanın beynəlxalq aləmdə tanıdılması və mövqelərin daha da möhkəmlənməsi mənafeyinə xidmət göstərir:

““Formula 1” yarışları öz retinqinə görə Yay Olimpiya Oyunları və Futbol üzrə Dünya Çempionatı ilə müqayisə olunur. Təxmini hesablamalara görə, yarışı 500 milyondan artıq tamaşaçı izləyir. Belə bir yarışların Azərbaycan paytaxtında keçirilməsi ölkəmizin bir neçə istiqamət üzrə mövqelərini möhkəmləndirir. Birincisi, dünya tamaşaçısı Azərbaycanı, onun paytaxtını görür. Üstəlik, xeyli sayda turistlər gəlir. Ən son məlumta görə, keçən illə müqayisədə bu il ölkəmizə 20-30 dəfə çox turist gəlib. Bu artımda “Formula 1” yarışlarının müstəsna rolu var.

Turistlər Azərbaycanı kəşf edirlər

Eyni zamanda, gələn turistlərin sırasında böyük investisiya adamları olur. O insanlar turist kimi, “Formula 1” yarışlarını izləmək üçün gəlir, boş vaxtlarında isə Azərbaycanla tanış olular. Görürlər ki, Azərbaycan çox böyük iqtisadi potensialı, investisiya mühiti olan ölkədir. Bu baxımdan onlar Azərbaycanı kəşf edirlər. Görürlər ki, Azərbaycan sözün həqiqi mənasında çox sabit, stabil inkişaf tempinə malik olan ölkədir. Ölkədə ictimai-siyasi sabitlik, unikal təhlükəsizlik mühiti var. Sabitlik və təhlükəsizlik fonunda bir dinamik inkişaf var. Bunu görür və növbəti il Azərbaycana gələrkən özləri ilə ən azı 2-3 nəfər gətirirlər. Bu baxımdan oyunların çox böyük əhəmiyyəti var.

Biletlərin 60%-ni xarici vətəndaşlar alıb

Biletlərin hamısı satılıb. Onların 60%-ni alanlar xarici vətəndaşlardır. 60%-in içərisində Rusiya, Böyük Britaniya, Almaniya, Türkiyə, İran, BƏƏ, Ukrayna, Hollandiya vətəndaşları öndə gedir. Bu nöqteyi nəzərdən oyunların çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, bu oyunlar həm də Azərbaycan həqiqətlərini dünyaya çatdırılması baxımından münbit şərait yaradıb. Çünki bu turistlər Azərbaycana gələrkən ölkəmiz haqqında maraqlanır, tariximizi öyrənirlər. Görürlər ki, unikal mədəniyyət və tarixin sahibi olan dövlət Ermənistanın təcavüzü ilə üz-üzə qalıb. Bu təcavüz olmasaydı, indiki gördüklərindən daha da gözəl və inkişaf etmiş dövlətin şahidi olardılar. Bu nöqteyi nəzərdən də, hesab edirəm ki, vacib məsələdir.

Azərbaycanda idmanın inkişafına təkan verəcək bir hadisədir

“Formula 1” Azərbaycanda idmanın inkişafına təkan verəcək bir hadisədir. Azərbaycan Avroviziya, Avropa Oyunları, I İslam Həmrəylik Oyunları, Beynəlxalq Şahmat Olimpiadasına ev sahibliyi edib. İndi də növbəti dəfə “Formula 1” yarışına ev sahibliyi edir. Sözün həqiqi mənasında, Azərbaycan dünyaya çox inkişaf etmiş idman ölkəsi kimi təqdim olunub. Bütün bunların hamısı üst-üstə gəldikdə “Formula 1” yarışlarının ölkəmiz üçün nə qədər əhəmiyyətli olduğunu görmək mümkündür”.

Xəyalə Məmmədova / METBUAT.AZ