Mərhum qarmon ifaçısı Aslan İlyasovun oğlu Aslan İlyasov subaylığın daşını atmağa hazırlaşır. Lent.az-a açıqlama verən mərhumun oğlu bildirib ki, iyulun 29-da “Bakı gecələri” restoranında toyu olacaq: “Çox istərdim ki, atam mənim bu xoş günümdə yanımda olardı. Amma nə etmək olar, Allahın yazısından, qismətdən qaçmaq olmaz. Bilirəm ki, Aslan İlyasovun sənətini sevənlər, onun yaradıcılığına dəyər verən insanlar çoxdur. Məhz həmin insanlardan toyda iştirak etmək istəyən olsa, böyük məmnuniyyətlə gələ bilərlər. Qapımız hər kəsin üzünə açıqdır. Bilirəm ki, atamın musiqi aləmində dostları çoxdur. Xalq artisti Səməd Səmədov, əməkdar artist Cavanşir Məmmədov, qarmon ifaçıları Aftandil İsrafilov, Gövhər Rzayeva, müğənni Elşad Qarayevi də ailəmiz adından dəvət etmişik. Atamın digər sənət dostlarını da toya dəvət edirik, istəyən olsa, gələ bilər”.
Qeyd edək ki, mərhum qarmon ifaçısı A.İlyasov 2013-cü il dekabrın 20-də serroz xəstəliyindən dünyasını dəyişmişdi.


