Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsini törətməkdə ittiham olunan 1979-cu il təvəllüdlü Tahir Qaybalıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrlik etdiyi prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Tahir Qaybalıyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il oktyabr ayının 2-də Xətai rayonu ərazisində baş verib. Gəncə prospektindən üzü Ukrayna dairəsinə doğru hərəkət edən Tahir Qaybalıyev idarə etdiyi "Mercedes" markalı avtomobil ilə yolu keçmək istəyən piyada - 20 yaşlı Səriyyə Əliyevanı vurub.
Araşdırma zamanı məlum olub ki, T.Qaybalıyev qəzanı törədən zaman sərxoş olub. Qəzadan sonra T.Qaybalıyev hadisə yerindən qaçıb. Lakin polis əməkdaşları onu saxlayıblar. Qəza zamanı ağır xəsarət alan Səriyyə Əliyeva dörd gün sonra müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
T.Qaybalıyevə Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol-nəqliyyat qəzası zamanı hadisə yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində