Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri Qətər böhranı ilə bağlı yeni addımları müzakirə etmək üçün bir araya gələcəklər.

Publika.az xəbər verir ki, toplantı Misirin paytaxtı Qahirədə baş tutacaq.

Bir ay öncə Qətərə yönəlik sanksiyalar tətbiq edən ölkələr iki həftə öncə 13 maddədən ibarət tələblər siyahısı hazırlamışdı. Bu tələblər üçün verilən əlavə zaman dünən gecə başa çatdı.

Rəsmi Qətər tələblər siyahısına cavabı Küveyt vasitəsilə Səudiyyə Ərəbistanına çatdırıb. Hələlik cavabın mətni açıqlanmır.

Qeyd edək ki, 4 ölkənin tələbləri arasında Qətərdəki türk hərbi bazasının ləğv edilməsi, “Əl-Cəzirə” telekanalının yayımının dayandırılması, İranla diplomatik münasibətlərin zəiflədilməsi və Yəməndəki üsyançılara dəstəyin verilməməsi maddələri yer alır.

Qətər bu tələblərin real olmadığını və buna görə bu maddələri həyata keçirməyəcəklərini bəyan etmişdi.

Bu hadisə son onillikdə Körfəzdə yaşanan ən böyük böhran olaraq dəyərləndirilir.

Zümrüd