Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyanın Hamburq şəhərində keçiriləcək G-20 zirvə görüşündə iştirak edib-etməməsi hələ ki öz təsdiqini tapmayıb.
Metbuat.az xəbər verir ki, Almaniya mediasında Ərdoğanın G-20 toplantısında iştirakı zamanı türklərlə görüşü və digər tədbirlərə qatılmasına icazə verilməyəcəyi haqda xəbərlər yayılıb. Digər tərəfdən isə Türkiyə prezidentinin zirvə görüşünə 60-ı polis olmaqla, 250 nəfərlik heyətlə qatılacağı haqda məlumatlar da var.
“Baş verən hadisələr Türkiyə-Almaniya münasibətlərinə mənfi təsir göstərir”.
Bu sözləri Metbuat.az-a açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu deyib.
“Əslində Almaniya tərəfi biri-birinin ardınca Türkiyə prezidentinə münasibətdə tətbiq edilən qadağalar seriyasının fonunda Ərdoğanın G20 sammitində iştirak etməsi ilə bağlı qərar qəbul edərsə, bu ilk növbədə rəsmi Ankaranın hər şeyə rəğmən qoca qitə ilə münasibətlərə necə önəm verməsinin göstəricisi və böyük diplomatik jest kimi qiymətləndirilə bilər. Bildiyiniz kimi, əsas olaraq Ərdoğanın Almaniyada diplomatik nümayəndəliklərdə verdiyi açıqlamanın videogörüntülərinin yayılmasına qoyulan qadağalar və onun türk vətəndaşlarla görüşünə məhdudiyyətlərin tətbiq edilməsi, hətta bəzi alman siyasətçilərin Türkiyə dövlət başçısının ölkəyə buraxılmamasını tələb etmələri və bununla bağlı Hamburqda bir etiraz yürüşü təşkil etmələri ciddi narazılıq yaratmaqdadır. Bütün bunlar ümumiyyətlə son illərdə onsuz da soyuq olan Türkiyə - Almaniya münasibətlərinə, eləcə də Avropa Birliyi ilə olan əlaqələrə ciddi şəkildə mənfi təsir göstərir”.
Türkiyə Almaniyaya nota verdi-Oxumaq üçün tıkla
Aytən Novruzova / Metbuat.az