"Qarabağ"ın heyətində ilk rəsmi oyununa çıxan və Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında "Samtredia"nın qapısına yola tapan yeni transfer Donald Gerye qarşılaşmadan sonra keçirilən brifinqdə sualları cavablandırıb.

Milli.Az apasport.az-a istinadən müsahibəni təqdim edir:

- Bu nəticəyə görə özünüzü təbrik etdinizmi?
- Özümü təbrik edə bilmərəm. Hələ ilk oyunumuzu keçirmişik. Bu nəticəyə görə arxayınlaşa bilmərik. Bizi gələn həftə növbəti 90 dəqiqə gözləyir. Cavab oyunundakı nəticədən sonra razı qala bilərik. Hələlik tezdir.

- İlk matçınız idi "Qarabağ"da. Gördüyünüz atmosferlə bağlı nə deyə bilərsiniz?
- Bu gün gördüyüm atmosfer əvvəlki klublarımda çıxış edərkən qarşılaşdığım atmosferə çox yaxındı. Azarkeşlərə təşəkkürümü bildirirəm. Çünki onlarsız bu cür nəticələri qazana bilmərik. Əlbəttə, məşqçilər korpusu və futbolçu heyəti çox yaxşı iş gördü.

- Debüt oyununda qol vurmaq hər futbolçuya nəsib olmur. Buna hazır idinizmi?
- Dünən baş məşqçi ilə söhbətim zamanı da bildirdim ki, oynadığım klublarda debüt matçımı qolla qeyd etmişəm. Hələ hazır deyiləm, üzərimdə çox işləməliyəm. Düzdü, "Alanyaspor"da 2-ci, 3-cü oyunda da qol vurdum, amma sonra zədələndim. İndi formaya düşdükdən sonra bu qolların ardı gələcək.

- Niyə məhz "Qarabağ"ı seçdiniz?
- Burda olduğuma görə, özümü xoşbəxt hesab edirəm. Bu dəvəti aldıqdan sonra komandanın statistik göstəricisinə baxdım, topla oynamağı sevir və bu, oyun tərzimə çox yaxındı. Məşqlərdə də gördüm ki, topla çalışmalara üstünlük verilir. Buna ancaq sevinə bilərəm.

- "Zirə"nin heyətində də Haitidən yeni transfer var. Onunla birgə adaptasiya prosesi keçmək asan olar...
- Belfort burda olsa da, olmasa da, adaptasiya prosesini keçəcəm. Hətta dənizin dibinə düşsəm də, balıqlarla həmsöhbət ola bilərəm. Bu baxımdan mənim üçün fərqi yoxdur. Beynimdə ancaq futbol oynamağı düşünürəm.

- "Qarabağ" qrup mərhələsinə düşmək üçün transferlər edib. Cari mövsümdə bunun öhdəsindən gəlmək mümkün olacaqmı?
- Əlbəttə, mümkündür. Heyətimizdə yaxşı futbolçular və keyfiyyətli məşqçimiz var. Amma hər bir məqsədə nail olmaq üçün çətin yol keçirsən, çox çalışırsan.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində