"Xəzərin hüquqi statusu üçün tarixi fürsətdir..."

Xəbər verdiyimiz kimi, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Metbuat.az xəbər verir ki, Türkmənistan liderinin Azərbaycana səfəri çərçivəsində aparılan danışıqların yekunu olaraq geniş ikitərəfli sənədlər paketinin imzalanması nəzərdə tutulur.

Bu sənədlər paketinin prioritet istiqamətlərdə qarşılıqlı səmərəli əməkdaşlığın yaradılması və fəallaşmasına istiqamətləndiyi bildirilir.

Görüşün əsas məsələsini isə Türkmənistan qazının Xəzər dənizinin dibi ilə Cənub Qaz Dəhlizi layihəsinə (TAP və TANAP) qoşulması və qazın Avropaya çıxarılması təşkil edir.

Cənub Qaz Dəhlizi layihəsinə qoşulmaq əvəzinə Türkmənistan Xəzərin hüquqi status ilə bağlı güzəştə gedə bilərmi?

“Məsələ əlbəttə ki, qarşılıqlı razılaşma yolu ilə həll olunmalıdır”.

Bu sözləri Metbuat.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

“Türkmənistan prezidentinin Azərbaycana səfəri iki türk dövləti arasında narazılığın olduğu məsələlərdə ümumi razılığa gəlmə üçün yüksək səviyyəli tarixi fürsətdir. Xəzər dənizində iki dövlətin xeyrinə olacaq bir mühitin yaranmasına ümid var.  İlham Əliyev dəfələrlə bəyan edib ki, Türkmənistan ilə qardaş dövlətik və maraqlarımız arasında kəskin məqam yoxdur. Xırda detalları bu cür danışıqlarda çözmək mümkündür. Çözülsə, başqa ölkələrin Azərbaycan-Türkmənistan münasibətlərinə qarışma imkanı olmayacaq. Belə olan təqdirdə Türkmənistan Azərbaycanla birlikdə beynəlxalq layihələrin iştirakçısı kimi daha böyük gəlir əldə edə və Xəzər dənizi vasitəsilə Azərbaycan tranzit xəttindən istifadə edərək öz enerji resurslarını Avropaya çıxarma imkanı əldə edər. Konfliktə getmədən resurslarımızı birlikdə hər iki dövlətin maraqları üçün istifadə etmə imkanı əldə edə bilərik. Xırda detallarda konfliktlərin müəyyən dərəcədə arxa plana atılması və ümumi strateji maraqların uzlaşdırılması olarsa, buna nə Rusiya, İran, nə də başqa ölkələrin müdaxilə etmə imkanı da gözlənilən səviyyədə olmayacaq. Hansı yatağın hansı ölkənin ərazisinə düşməsi deyə sualları tez-tez gündəmə gətirirlər. Görüşdən çox şey asılıdır. Ümid edirəm ki, görüşdə xeyli məsələ öz həllini tapacaq”.

Türkmənistan prezidentinin Bakı səfərindən gözləntilər...-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR