“Qacarın birləşdirdiyi Azərbaycanın nə mənası olacaqdı? Onun birləşdirdiyi Azərbaycanla bugünkü Azərbaycan eyni ola bilməzdi. O, Qori seminariyası yox, mollaxana açacaqdı. Çünki mütərəqqi dəyərlərimiz eyni deyil”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Fazil Mustafa Səməd Vurğunun “Vaqif” əsəri ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib. Millət vəkilinin bu sözləri yeni bir müzakirənin əsasını qoymuş oldu. Düzdür, tarixdə yaşanmışları müzakirə etməklə heç nə dəyişməyəcək. İllərdir Rus İmperiyasının Azərbaycanı işğal etməsi tənqid edilərkən, indi onu Qacardan üstün tutmaq nə qədər doğru yanaşmadır? Qacarların tərkibində Azərbaycanın vəziyyəti necə olacaqdı?
Bununla bağlı ölkənin tanınmış ziyalı və tarixçilərinin fikirlərini öyrəndik.

Türkoloq, eks-nazir Firudin Cəlilov Fazil Mustafanın fikirlərində həqiqət payı olduğunu düşünür: “Çünki güneydən fərqli olaraq biz Avropa məkanında yaşamalı olduq. İran isə klassik Asiya ölkələrindən idi. Tarixi inkişaf, elm və texnologiyaya tanışlıq, təhsil baxımdan quzeyin şansı var idi. Lakin bunları birbaşa rus işğalının müsbət tərəfi kimi qəbul etmək doğru deyil. Çünki tarixən quzeydə yaşayanların intellektual səviyyəsi yüksək olub. Güneydə isə fars təsiri daha güclü olub. Ona görə də belə fərqlər yaranıbb. XXI əsrdir və orada 40 milyon soydaşımız var, amma bir məktəbləri belə yoxdur. Bu prizmadan yanaşanda Fazil müəllimə haqq qazandırmaq olur”.

Tarix haqqında müzakirə aparmağın tərəfdarı olmadığını deyən Xalq şairi Sabir Rüstəmxanlı keçmişə qayıtmağın mümkün olmadığı kimi, müzakirələrin də təsirsiz olduğunu düşünür. O, da Qacarın Azərbaycanla bağlı planında müsbət heç bir vədin olmadığını deyir:
“Həmin dövrü müzakirə etsək, Azərbaycanda mərkəzdənqaçma nəticəsində 20 xanlıq yaranmışdı. Onların yenidən Qacarlar tərəfindən birləşdirilməsi mümkün deyildi. Qacarlar, Səfəvilər dövründə də hakimiyyətin əsasını Azərbaycan türkləri təşkil edirdi, əsas güc onlarda idi. Avropanın yüksəlişi dövründə 20 xanlıq birləşib, bir yol seçsəydi, taleyimiz bəlkə də, fərqli olardı. Qacarlar isə heç zaman Azərbaycanı birləşdirmək istəməyib. Onlar köhnə İran sərhədlərini saxlamaq istəyirdilər. Onlar yenə də Azərbaycanın heç bir problemini həll edə bilməzdi”.

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, bu məsələdə nə sevinmək, nə də kədərlənməyə ehtiyac var: “Qacarın Rus imperiyasından daha yaxşı və ya pis olacağını demək çox çətindir. İranın şimalını Rusiya İmperiyası ondan qoparda bilib, buna görə də biz tam fərqli ictimai, siyasi inkişaf yolu keçmişik. İrandakı qardaşlarımızdan fərqli topluma çevrilmişik. Bununla bərabər İranlı qardaşlarımızla bizi möhkəm tarix, mədəniyyət, qohumluq və mənəvi tellər bağlayır. Düzdür, fərqliyik, lakin bu fərq normaldır. Necə ki, bakılı, naxçıvanlılardan fərqlənir. Yəni İranda yaşayan qardaşlarımızla aramızdakı fərqlilik sadəvə regionaldır. Amma buna baxmayaraq, Qacarın Azərbaycanı birləşdirmədiyinə görə nə sevinmək, nə də dərd çəkmək lazımdır. İki ölkənin ziyalı təbəqəsini müqayisə etsək, bu gün İranlı rejissorları Venesiya, Kanda birinci yerə çıxırlar. Hansı tərəfin ziyalılarının dünyada daha çox tanınmasına baxmaq lazımdır. İran filmi Oskar mükafatı alır. Bu həmin geridəqalmış İranın işidir. Bizim ziyalı mühitinin ortaya çıxaracağı elmi naliyyət yoxdur”.
Gülxar