Ancaq həmişəki kimi Böyük Britaniyanın keçmiş müstəmləkəsi olmuş, Birmadakı, Myanmadakı hakimiyyətə qarşı heç bir sanksiya tətbiq edilməyib.
BMT-nin hesabatında Myanmada müsəlmanlara qarşı insanlığa yaraşmayan cinayət törədildiyi, qətlə yetirilən arakanlıların sayının mini keçə biləcəyi bildirilib.
Myanma hakimiyyəti avqustun sonunda ölkənin qərbində ordu tərəfindən 400 müsəlman sakinin öldürüldüyünü etiraf edib. Qaçqınlar isə hakimiyyətin qətlə yetirdiklərinin sayının minlərlə olduğunu bildiriblər.
Sentyabrın 7-də rəsmi Neypido rohinca müsəlmanlarını öz vətəndaşı saymadığını bildirib. Myanma hakimiyyəti onları benqal sayaraq bildirib ki, bu müsəlmanlar qanunsuz olaraq ölkə ərazisinə keçiblər. “Vətəndaşların Myanma ərazisində yaşadıqları barədə sənəd olmalıdır və onlar bunu təqdim etdikdən sonra respublikaya buraxıla bilərlər. Bu barədə sənədi olmayanlar Myanma vətəndaşı sayılmırlar”, - Myanmanın milli təhlükəsizlik məsələləri üzrə dövlət müşaviri Txaunqa Tun bildirib.
Məlumatlara əsasən, Myanma hökuməti rohinca qaçqınlarının ölkəyə qayıtmasının qarşısını almaq məqsədi ilə qonşu Banqladeşlə sərhəddə mina döşəyib.
Ötən ilin oktyabrında Myanmanın Rakhayn (başqa adı Arakan) ştatında yaşayan, islama sitayiş edən 223 mindən çox rohinca etnik azlığının nümayəndəsi Myanmadan Banqladeşə qaçıb. Hazırda Banqladeşdə Myanmadan olan yarım milyona yaxın qaçqın sığınıb.
BMT-nin Baş katibi Antoniu Quterriş Rakhayn əyalətində baş verənlərdən narahatlığını bildirərək, Myanma hakimiyyətini ölkə ərazisindəki rohinca müsəlmanlarının yaşayış statusunu hüququ cəhətdən həll etməyə çağırıb. Baş katib əyalətdəki hadisələrlə bağlı Təhlükəsizlik Şurasına yazılı müraciət edərək, böhranın təzinlənməsi ilə bağlı tədbirlər görməyi təklif edib.
BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Banqladeş üzrə nümayəndəsi Dipayan Bxattaçariya bildirib ki, qaçqınların sayının daha çox olacağını nəzərə alaraq, 4 ay ərzində 300 min qaçqının yüksək kalorili biskvit və düyü ilə təmin edilməsi üçün əlavə olaraq 13,3 milyon dollar vəsaitə ehtiyac duyalacaq.
Asiyanın ən qədim yaşyış bölgələrindən sayılan Myanma haqqında bəzi məlumatları da diqqətinizə çatdırmaq istərdik. 1948-ci il yanvarın 4-də Böyük Britaniyanın müstəmləkəsindən sonra müstəqil dövlət olub. 1962-ci ilədək ölkəni hərbçilər idarə ediblər. Dövlətin idarə edilməsində onların üstünlüyü indi də qalmaqdadır. 2008-ci ildə Dövlət Şurası ölkənin yeni Konstitusiyasını açıqlayıb. Bu qanunun əsas prinsipi “nizamlı, çiçəklənən demokratiya”dır. Konstitusiyaya görə, parlamentdəki deputat yerlərinin 4-də biri hərbçilərindir. İndiki dövlət başçısı Txin Çjo 2016-cı il martın 30-dan prezidentdir. O, ötən il 60 ildən çox qüvvədə olan fövqəladə hallar rejimini ləğv edib.
1989-cu ilədək ölkənin rəsmi adı Birmanlar İttifaqı Sosialist Respublikası olub. 2010-cu ildən isə Myanma İttifaq Respublikası adı ilə əvəz olunub.
Bu ölkə Hindistan, Banqladeş, Çin, Laos və Tailandla həmsərhəddir. Myanmanın sahəsi 678 min kv km-dir.
Ölkə ərazisində müxətlif dövlətlər olub. Onlardan biri də Arakan çarlığıdır. Arakanlar ölkəni təqribən 7 əsr idarə ediblər. Bundan başqa, moqollar da bir müddət bu dövlətin torpaqlarını nəzarətdə saxlayıblar.
Myanmadakı buddistlər hindi buddist sivilizasiyasının təsiri alıtındadırlar.
Myanma 7 adminstrativ vilayət, 7 ştat və 5 özünüidarə zonasından ibarətdir. Mövcud Konstitusiyaya əsasən, bu federasiya subyektlərinin ölkənin tərkibindən çıxması qadağandır.
Ölkə ərazisində yüzdən çox etnik qrup var. Əhalinin sayı 60 milyondan çoxdur. Arakanlılar ölkə əhalsinin 4 faizini təşkil edirlər. Əhalinin çoxu buddistdir. Myanma vətəndaşlarının 4 faizi müsəlman, 4 faizi xristiandır.
Ölkənin neft, qızıl, təbii qaz, daş kömrü, mis, sink, volfram, qurğuşun, qiymətli daş-qaşlar və başqa təbii sərvəti var. Arakanda isə qalay, volfram, qurğuşun, qızıl, gümüş qiyməli daş-qaş və başqa təbii sərvətlərə malikdir.
Rohincalar ilə mərkəzi hakimiyyət arasında münaqişə on illərdir davam edir. Bunu əsas səbəbi isə Arakan ştatına vəd edilən müstəqilliyin verilməməsidir. 1940-cı illərdə Böyük Britaniya Birmaya müstəqillik verəndən sonra Rakhayna da müstəqillik verəcəyinin boyun olmuşdu. Ancaq sonrada bu vəd unuduldu.
Arakanlıların müstəqillik uğurunda mübarizəsi isə davam edir.
Mərkəzi Neypido hakimiyyət rohinca müsəlmanlarına vəd olunan müstəqilik tələbini qarşılayıb, yaranmış vəziyyətdən çıxış yolu aramaqdansa, arakanlıları ölkə ərazisindən tamamilə çıxarmağa, onları qətlə yetirməyə üstünlük verir. Myanma hakimiyyətinin bəyanatından və hadisələrin inkişafından göründüyü kimi, bunun üçün bəhanə də tapılıb – “Arakan müsəlmanları islam ekstrermistləridir” və onlara məxsus Rakhayna ştatında “qanunsuz silahlar yerləşdirilib”. Rohincalar isə islamı X əsrdə qəbul ediblər. Myanmanın yerli əhalisi sayılan bu etnik qrup ölkənin başqa vətəndaşlarından fəqli mədəniyyətə malikdir. Onların bir yerdə yaşamasına isə daha çox hakimiyyətin mane olduğu görünməkdədir.
Beləliklə, Myanmanın Böyük Britaniya müstəmləksindən azad olunması uğurunda mübarizə aparmış arakanlılar 70 il əvvəl vəd olunan müstəqilliyi istəyirlər. Hakimiyyət isə onların bu qanuni və vəd olunan istəyini ləkələyir, dinc sakinlərə divan tutur. Ona görə Myanmadakı hadisələrlə bağlı belə qənaətə gəlmək olar ki, bu ölkədə yüz ildən artıqdır mövcud olan “ingilis barmağının” qaldığı görünür. Təəssüf ki dünyanın aparıcı gücləri Myanma müsəlmanları qarşısında götürdüyü öhdəliyi nə yerinə yetirir, nə də onlara qarşı törədilən qətllərin qarşısını almağa səy göstərir.