[ 09 Yanvar 2015 12:06 ]


Bakı. Etibar Məmmədov – APA. “Biz hesablamışıq ki, ölkənin inzibati ərazi bölgüsü üzrə rayonların 1/3-ni əhatə etdikdən sonra Azərbaycan Demokratiya və Rifah Hərəkatının təsis yığıncağı keçirilsin”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) təşkilat komitəsinin üzvü Vurğun Əyyub deyib.

V. Əyyub bildirib ki, hələ ki, ADR-in təsis yığıncağının vaxtı dəqiq məlum deyil. Onun sözlərinə görə, təsis yığıncağının yanvarın 31-də - Məhəmməd Əmin Rəsulzadənin doğum günündə keçirilməsi arzu olunur.

V. Əyyub ADR-i Müsavat Məclisinin sabiq sədri Sülhəddin Əkbərin yaratdığı partiya ilə müqayisə edənlərə də cavab verib: “Bu, onların düşüncəsidir. Amma deyəsən, bunu deyənlər unudurlar ki, indi Sülhəddin Əkbərlə hansısa toplantılarda, mərkəzlərdə birlikdədirlər”.

Xatırladaq ki, Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Sevinc Hüseynova APA-ya açıqlamasında deyib ki, ARD partiyaya çevriləcəksə, S. Əkbərin partiyasından bir fərqi olmayacaq.