Prezidentlərin görüşü - Gözlənilən nəticə nədir?

Bu gün Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü baş tutacaq.

Metbuat.az-ın məumatına görə, prezidentlər İlham Əliyev və Serj Sarkisyan həmsdrlərin təklifi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə edəcəklər.

Millət vəkili, politoloq Sahib Alıyevin sözlərinə görə, Serj Sarkisyanın, ardından da digər Ermənistan rəsmilərinin bu danışıqlardan böyük gözləntilərinin olmadığını bildirmələri, artıq çox şeydən xəbər verir:

“İlk növbədə ondan xəbər verir ki, danışıqlar öncəsi Rusiyanın öz forpostuna silah almaq üçün daha 100 milyon dollar kredit ayırması təsadüfi sayıla bilməz. Xatırladaq ki, hər iki ölkənin prezidentlərinin sonuncu görüşləri keçən ilin iyununda Rusiyanın moderatorluğu altında Peterburqda keçirilmişdi. Əgər Moskva doğrudan da danışıqlarda irəliləyiş istəsəydi, prezident Putin cəmi beş gün sonra Cenevrədə bir araya gələcəklərini nəzərə alaraq, MDB dövlət başçılarının Soçi zirvəsi çərçivəsində tərəflərlə Qarabağ məsələsilə bağlı ya ayrı-ayrılıqda, ya da birlikdə qısa da olsa görüşərdi. Belə bir görüş olmadısa, üstəlik də Cenevrə danışıqları öncəsi Ermənistana daha 100 milyon dollarlıq silah göndəriləcəyi açıqlanırsa, Serj Sarkisyan və komandası bu görüşdən böyük gözləntilərinin olmadığını deməyib, nə deyəcəkdilər ki?”

Millət vəkili bildirib ki, danışıqlarda hər hansı irəliləyişin olması üçün qərbdəki bəlli çevrələr də yetərincə prinsipiallıq və qətiyyət göstərmirlər: “Əgər prinsipiallıq göstərsəydilər, yüz minlərlə adamın haqqını pozaraq, etnik təmizləmə aparan işğalçı Ermənistana qarşı AŞPA-da sanksiya tətbiqi haqda qətnamə çıxarılardı ki, Cenevrə görüşü öncəsi hərbi xunta özünü konstruktiv aparsın. Çıxarıldımı, yox. Əksinə biz həmən qurumu yönəldən və yönləndirənlərin qərəzli, ədalətsiz, ikili standart iyi verən yanaşmasıyla üzləşdik”.

Elə buradan da görünür ki, Sarkiysanı Cenevrəyə aparan və apartdıran ancaq Azərbaycanın gücü, bu gücə dayanan cəbhədəki mövqe üstünlüyü, həmən üstünlükdən irəli gələn əks-təxribat əməliyyatlarıdır”.

S.Əliyev qeyd edib ki, dövlət başçımızın işğal altındakı torpaqları qaytarmaq üçün hər bir addımı atacağımız, ötən ilin aprelində baş verənlərin yenidən təkrarlanacağı haqda ən müxtəlif kürsülərdən etdiyi xəbərdarlıq olmasaydı və hay havadarlarıla, himayədarları bunun üçün qətiyyətli şəkildə hazırlıqlar (burda, sadəcə, keçirilən təlimlər və müdafiə naziri Zakir Həsənovun son bir aydakı səfərlərinı xatırlatmaq yetər) da görüldüyünü bilməsəydilər, Sarkisyan Cenevrəyə göndərilməyəcəkdi. Bəli, Sərkisyan bu görüşə getmir, gözdən pərdə asmağa, sülh danışıqlarına forpostun guya hazır olduğu, belə bir perspektivin hələ qaldığı təsəvvürünü yaratmağa göndərilir. Bütün bu reallıqları hər kəsdən daha yaxşı bilən dövlət başçımız cənab İlham Əliyev bir stol arxasında əyləşməkdən, yumşaq desək, heç də məmnunluq duymadığı bu adamla danışıqlara ona görə razılıq veirir ki, məsələnin ilk növbədə sülh yoluyla çözümünə çalışdığını, qan tökmək istəmədiyini, ancaq buna sövq edildiyini növbəti dəfə ortaya qoysun. Ortaya qoysun ki, ötən ilin aprelindəkilər yenidən təkrarlanacağı halda, haylara havadarlıq edənlər özlərini elə təqribən keçən ilin aprelindəki kimi aparmaq zorunda qalsınlar. Yəni, bizim qələbəmizdən məmnunuluq duymasalar da, yaranmış reallığı çar-naçar həmz etsinlər, necə ki, ötən il həzm etmişdilər”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı