Donald Gerrye: “Atletiko”ya qarşı qızım Miah üçün oynadım”

Donald Gerrye: “Atletiko”ya qarşı qızım Miah üçün oynadım”
13:47 21 Oktyabr 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Ağdamın “Qarabağ” klubunun haitili futbolçusu Donald Gerrye ötən həftə qızı Miah Manettenin vəfatı və Çempionlar Liqasının qrup mərhələsində İspaniya “Atletiko”suna qarşı keçirilən oyunla bağlı Haitinin “Le Nouvelliste” nəşrinin suallarını cavablandırıb
“Report” həmin müsahibəni təqdim edir:
- Ötən həftə qızınızın vəfatından sonra özünüzə gəlməyinizi gözlədik. ÇL-də Dieqo Simeonenin “Atletiko”suna qarşı oynamağınıza Haitidə çox sevindilər. Bu matçda iştirak etmək üçün özünüzdə necə güc tapdınız?
- Qızımın vəfatı məni bu matçda oynama sövq etdi. Düşündüm ki, o, bu görüşdə meydana çıxmağımı istəyərdi. Bunu fikirləşib, özümdə güc tapdım. Miah üçün oynadım.
- Qızınızın vəfatından 5 gün sonra “Atletiko”ya qarşı oynamaq üçün sizi kim motivasiya etdi?
- Miah doğulan zaman virusa yoluxmuşdu. Bu, anasının yaxın qohumu xəstəxanaya gələn zaman onu öpdüyü üçün baş vermişdi. Həmin qadının ağzının küncündə yara vardı, oradan qızıma virus keçmişdi. Bu virus yeni doğulan uşaqlar üçün çox təhlükəlidir və beyinə düşür. Virus tez yox olmasa, gələcəkdə uşağın ayaqlarının iflic olmasına gətirib çıxardır. Xoşbəxtlikdən iflic olmağın qarşısını almaq üçün virusa yoluxduğunu tez öyrənmişdik. Lakin bu, digər fəsadları önləmək üçün yetərli deyil. Virus məhv edilsə də, həkimlər bizi Miahda epileptik tutmanın olacağı barədə xəbərdar etmişdilər. Bu hal baş verən zaman ona təcili kömək etmək lazım idi. Tədricən bu cür tutmalar azalmışdı və Miah yaxşı idi. Lakin oktyabrın 13-də axşam vaxtı yataqda uzandığı vaxt tutma baş verib və Miah dünyasını dəyişib. 
- Anası bu faciəyə necə reaksiya verdi?
- O, çarəsizdir.
- “Atletiko” ilə oyunda psixoloji baxımdan problem yaşamamaq üçün nə etdiniz?
- Diqqət yetirsəydiniz, meydana qolumda Haiti bayrağı ilə çıxdğımı görərdiniz. Biz haitilər problemlərə və çətinliklərə öz mədəniyyətimizdən irəli gələn formada reaksiya veririk. Mənim üçün işim Miahı sevməyə davam etmək üçün yeganə vasitədir.
- Komandanız tarixində ilk dəfə ÇL-də xal qazandı. Daha əvvəl demişdiniz ki, Azərbaycanda ÇL-in qrupuna düşməyi hamı bayram etmişdi. Bəs, qolsuz heç-heçəni necə qarşıladılar?
- Hər kəs bu nəticədən razı qaldı. Bu, futbolun nəticəsinin proqnozlarla deyil, meydanda müəyyənləşməsinin sübutudur. Bütün dünya bizdən əvvəl “Barselona” ilə heç-heçə edən “Atletiko”nun qalib gələcəyini düşünürdü. Lakin nəticə göz önündədir.
- “Qarabağ” İngiltərədə “Çelsi”yə qarşı keçirdiyi oyunla müqayisədə, “Atletiko” ilə görüşdə taktiki baxımdan inkişafın olduğunu göstərdi. Bu qədər tez öyrənmək üçün nə etdiniz?
- Komandamız çətin matçlarda oynamağa adət etmiş peşəkar futbolçulardan təşkil olunub. Yeni taktikanı tez mənimsəməyimiz normaldır. Bu, rəqiblərə qarşı daha yaxşı mübarizə aparmağımıza kömək edir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/donald-gerrye-atletiko-ya-qarsi-qizim-miah-ucun-oynadim

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR