Tanınmışların rektor övladları - SİYAHI

Tanınmışların rektor övladları - SİYAHI
13:19 9 Yanvar 2015
511 Sosial
Ölkə mətbuatı
A- A+

 

Azərbaycanda 50-yə yaxın (dövlət və özəl) ali məktəb fəaliyyət göstərir. Lent.az-ın məlumatına görə, bəzi ali məktəblərin rektorları tanınmış ictimai-siyasi, mədəniyyət xadimlərinin övladlarıdır. Lent.az tanınmış şəxslərin rektor övladlarının siyahısını təqdim edir:

 

1. Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli görkəmli pedaqoq, rejissor və ictimai xadim Şəmsi Bədəlbəylinin övladıdır. 1991-ci ildən Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasına çevrilmiş Azərbaycan Dövlət Konservatoriyasının rektorudur. Azərbaycanın əməkdar artisti (1972), Azərbaycanın xalq artisti (1978), SSRİ xalq artisti (1990). Azərbaycanın Dövlət mükafatı laureatıdır.

 

 

2. Mədəniyyət və İncəsənət Universitetin rektoru Fərəh Əliyeva görkəmli jurnalist, pedaqoq Şirməmməd Hüseynovun qızıdır. F. Əliyeva 7 sentyabr 1961-ci ildə Bakı şəhərində anadan olub.  1984-cü ildən Bakı Musiqi Akademiyasında “Musiqi tarixi” kafedrasında çalışmış, sənətşünaslıq namizədi (1994), sənətşünaslıq doktoru (2008) elmi dərəcələrinə, 2005-ci ildən isə professor elmi adına layiq görülüb. O, 1994-cü ildən 2006-cı ilə kimi Bakı Musiqi Akademiyasında Elmi katib vəzifəsində çalışıb. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan görkəmli musiqişünas alim, televiziya və radioda çoxsaylı verilişlərin aparıcısı, iştirakçısı olmuşdur. Fərəh Əliyeva hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorudur. 

 

3. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü Nərgiz Paşayeva görkəmli alim, akademik Arif Paşayevin övladıdır.  Nərgiz Paşayeva 13 dekabr 1962-ci ildə Bakı şəhərində anadan olub. 1968-1978-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1978-ci ildə BDU-nun Filologiya fakültəsinin əyani şöbəsinə daxil olub və 1983-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1983-cü ildə əyani aspiranturaya qəbul olub və "Sabirin novatorluğu" adlı dissertasiya işini vaxtından əvvəl tamamlayaraq uğurla müdafiə edib. 23 sentyabr 1987-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1987-ci ilin mart ayından Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasında assistent, müəllim, baş müəllim, dosent vəzifələrində, 1994-2008-ci illərdə isə Bakı Musiqi Akademiyasının "Dil və ədəbiyyat" kafedrasının müdiri vəzifəsində çalışıb. 23 iyun 2008-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına rektor təyin olunub.

 

 

4. Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev professor, görkəmli yazıçı Mir Cəlal Paşayevin oğludur. Arif Mircəlal oğlu Paşayev 1934-cü il fevralın 15-də Bakıda anadan olub. A. Paşayev 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu radiofizika ixtisası üzrə bitirib, 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlayıb. Həmin vaxtdan o, yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb seriya ilə istehsala buraxıb. 1996-cı ildən Milli Aviasiya Akademiyasının rektorudur.

 

5. ADA Universitetinin rektoru Hafiz Paşayev də Mir Cəlal Paşayevin övladıdır. H. Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirib. 1971-1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olub. 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 1975-1976-ci illərdə Kaliforniya Universitetində tədqiqatlarını davam etdirib. 1993-2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışıb. Azərbaycan prezidentinin 14 avqust 2006-cı il tarixli sərəncamı ilə Xarici İşlər Nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının (indiki ADA Universiteti) rektoru təyin edilib.

 

6. Yeni yaradılmış Bakı Xoreoqrafiya Akademiyasının rektoru Timurçin Əfəndiyev isə tanınmış alim və ictimai xadim, xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində anadan olub. Timuçin Əfəndiyev 1977-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləyir. O, burada əvvəlcə baş müəllim, sonra dosent vəzifəsi tutub, 1987-ci ildən isə professor elmi dərəcəsinə layiq görülüb. 1978-ci ildən 1987-ci ilədək fakültə dekanı olub. 1987-2014-cü illərdə Timuçin Əfəndiyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru olub.

 

7. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun anası Şəfiqə Məhərrəmova (Avşarova) isə Ermənistan SSR-in “Əməkdar müəllimi” adını almış ilk azərbaycanlı qadındır. A. Məhərrəmov  1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olmuşdur. Atası Məmmədəli Məhərrəmov riyaziyyatçı olub. Oğlu anadan olanda adını Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə Abel qoyub. Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimyaçı alim, BDU-nun üzvi kimya kafedrasının müdiridir.

 

 

 

 

 

 

 

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR