“Bütün sülh prosesləri Bakıda müzakirə olunur” - Politoloq

Azərbaycanın daxili siyasətində olduğu kimi, xarici siyasətində də böyük uğurlar qazandığı göz önündədir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da Azərbaycanın xarici siyasətindəki uğurlarından danışıb: “Bu il beynəlxalq arenada mövqelərimiz daha da möhkəmlənib. Bizim xarici əlaqələrimiz çoxşaxəlidir. Biz bütün ölkələrlə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər qurmuşuq, buna nail olmuşuq. Bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır. Xarici siyasətimiz də açıqdır, müstəqildir və bu da dünya birliyi tərəfindən böyük rəğbətlə qarşılanır”.

Azərbaycan Prezidenti rəsmi səfərlər, beynəlxalq tədbirlər, yüksək səviyyəli görüşlər zamanı xalqın milli maraqlarından çıxış edir, dövlətin həyata keçirdiyi siyasəti, ölkənin reallıqlarını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini dünya ictimaiyyətinə çatdırır. Dövlət başçısı ilin ilk 9 ayında xarici ölkələrə 14 səfər edib, ondan çox dövlət və hökumət başçısı Azərbaycana gəlib. Beynəlxalq arenada Azərbaycan böyük hörmətə və çox müsbət reputasiyaya malik olan bir ölkədir.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Rufiz Qonaqov bildirib ki, Azərbaycanın xarici siyasəti əsasən 3 istiqamətdə inkişaf etməkdə davam edir - çoxtərəfli, ikitərəfli və üçtərəfli:

“Azərbaycan çoxtərəfli əməkdaşlıqda Ermənistan istisna olmaqla demək olar, bütün dünya ölkələri ilə əməkdaşlıq edir. O cümlədən beynəlxalq təşkilatlarla qarşılıqlı, faydalı əməkdaşlıq formatında iş aparır. Azərbaycana çoxlu sayda dövlət başçıları, Baş nazirlər, hökumət rəhbərləri səfər edir. Cənab prezidentin də qeyd etdiyi kimi, ölkə başçısı xaricə çoxlu səfərlər edir. Bu, çoxtərəfli əməkdaşlıqdır.

Azərbaycanın bir çox ölkələrlə ikitərəfli əməkdaşlığı uğurla davam edir. Məsələn, Azərbaycan Rusiya ilə həm qonşu dövlətdir, həm müttəfiq ölkədir, MDB çərçivəsində əməkdaşlıq edir. Bir çox ölkələrlə iqtisadi biznes, ticarət sahəsində ikitərəfli müqavilələr var. Dövlətlər arasında dostluq əlaqələri ilə bağlı müqavilələr mövcuddur. Türkiyə, Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq edilir və s. Bu siyahını artıra bilərik. Bunlar ikitərəfli formatda əməkdaşlıqdır.

Bildiyiniz kimi, üçtərəfli formatlar da var. Azərbaycanın Rusiya, İran, Türkiyə, Gürcüstan və eləcə də digər qonşu dövlətlərlə üçtərəfli formatda əməkdaşlığı var. Gürcüstan-Azərbaycan-Türkiyə formatımız mövcuddur. Digər sahələrdə də üçtərəfli formatlarda müxtəlif istiqamətlərdə əməkdaşlığımız və dövlətlərarası sazişimiz var”.

Politoloq qeyd edib ki, Azərbaycanın xarici siyasəti həm beynəlxalq təşkilatlarda, həm də dünya ölkələrilə əlaqədə çox sabitdir: “Çünki Azərbaycan balanslı siyasət yürüdür, həm öz qonşuları ilə, həm də digər dövlətlərlə. Azərbaycan hər hansı bloklara qoşulmamaqla, hərbi bloklarda iştirak etməməklə bütün ölkələrlə balanslı şəkildə, bərabər qaydada əməkdaşlığa üstünlük verir. Buna görə də, İlham Əliyevin prezident olaraq xarici siyasəti uğur qazandırır. Bu uğurun əsas səbəblərindən birincisi Azərbaycandakı ictimai-siyasi sabitlik, ölkəmizdəki xalq-prezident birliyi nəticəsində əldə olunub. Məhz bunun nəticəsində, Azərbaycan böyük enerji layihələrinə imza atdı - Cənub Qaz Dəhlizi, TAP, TANAP və s. “Yeni əsrin müqaviləsi” kimi böyük neft kontraktı imzalanıb. Bildiyiniz kimi, “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı. Bütün bunlar Azərbaycanın xarici siyasət strategiyasının müəyyən olunmasında çox vacib amillər idi.

Bu gün Azərbaycanın iqtisadi qüdrətinin yüsəlməsi və 26 ildir müstəqillik əldə etmiş ölkənin Davos kimi dünya iqtisadi formunda 37-ci yerdən 35-ci yerə irəliləməsi, 140 ölkə içərisində 35-ci yerlə bu gün MDB-də lider olması, 100 ildən artıq müstəqillik tarixi olan ölkələri də qabaqlaması o deməkdir ki, Azərbaycan öz xarici siyasətində uğur qazanmalı idi. Bunun nəticəsidir ki, Azərbaycan prezidenti bu gün həm D-8-lərin sonuncu sammitində, həm Böyük 8-lərin, Böyük 20-lərin sammitində qonaq qismində dəvət olunur. Bilirsiz ki, ora yalnız bir dövlət qonaq kimi dəvət oluna bilərdi, o da Azərbaycan oldu. Ona görə Azərbaycan bütün dünyanın diqqət mərkəzindədir. Ölkəmiz bu gün demək olar ki, Şərqlə Qərbin bir körpüsüdür. Azərbaycan həm müsəlman, həm də Avropa ölkələri ilə əlaqələrini geniş şəkildə yüksəldir. Azərbaycan, həm Avropanın bir hissəsidir, həm də Asiyanın. İkinci belə bir müsəlman ölkəsi yoxdur ki, həm Avropa Şurasında, Avropa strukturlarında, həm də Asiyada, müsəlman ölkələrində bu cür iştirak etsin. Bilirsiniz ki, bu il cənab prezident ölkəmizdə İslam Həmrəyliyi İli elan etdi, İslam Həmrəyliyi Oyunları keçirildi. Ondan əvvəl Birinci Avropa Oyunları keçirildi.

Azərbaycan xarici siyasətdə böyük uğur əldə edib. Bakı dünyanın əsas şəhərlərindən biri sayılır, sabitlik, sülh şəhəri kimi tanınır. Ona görə də bütün sülh prosesləri Bakıda müzakirə olunur. Azərbaycanın xarici siyasətdə uğurları çoxdur. Sözsüz ki, diplomatiyamızdakı bu uğurlar Dağlıq Qarabağ problemimizin də həllinə nail olmağa gətirib çıxaracaq”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı