"İYİ Parti"dən gələn iyi: ABŞ, yoxsa....? - Günəş lampanı söndürəcəkmi?

Xəbər verdiyimiz kimi, Türkiyədə Maral Akşenerin rəhbərliyi ilə yeni müxalifət partiyası yaradılır. “Yaxşı Partiya” (“İYİ Parti”) adlanan müxalifət partiyasının şüarı “Türkiyə daha yaxşı olacaq”dır.

Yeni partiyanın qurucuları siyahısında 200 nəfərin adı göstərilib. Yeni siyasi təşkilatda məşhur şəxslərin olduğu da bilinib.

Partiyanın loqosunda sarı rəngli, səkkiz guşəli günəş təsvir olunub. Loqo ümid, cəsarət və zənginliyi ifadə edir. Maraqlıdır, keçmiş daxili işlər naziri olan Maral Akşənərin arxasında hansı qüvvələr dayanır, seçkilərdə qalib gəlmə ehtimalı varmı?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Nəzakət Məmmədovanın sözlərinə görə, vaxtilə Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının ən yaxın silahdaşlarından biri, xanım Akşenerin partiyasının Amerikanın bir layihəsi olduğu, 2019-cu il seçkilərində onun Ərdoğana ən real rəqib olacağı iddiaları geniş müzakirə olunur:

“Onun FETO ilə yaxın əlaqələri olduğu ilə bağlı iddialar var, lakin Akşener bildirib ki, Ərdoğan FETO terror təşkilatı ilə bacara bilmir və hakimiyyətə gələcəyi təqdirdə FETO-nu tamamilə təmizləyəcək. Xanım Akşener ölkənin daxili işlər naziri olduğu illərdə PKK-ya qarşı səmərəli mübarizə aparmışdı və onun terrorla mücadilə sahəsində həqiqətən də böyük təcrübəsi var. Lakin onun partiyasının ABŞ-dan dəstək aldığı barədə iddialar var. ABŞ-ın Yaxın Şərqdə planlarını həyata keçirə bilmədiyi, məğlubiyyətə uğradığı, xüsusilə də müttəfiqi Türkiyədən dəfələrlə zərbələr aldığı artıq sirr deyil. Bu səbəbdən yeni bir siyasi güc meydana çıxarıb, onun hakimiyyətə gəlməsinə şərait yaratmaqla, Amerika ilk növbədə onun, Suriya və İraqla bağlı planlarına mane olan AKP Türkiyəsinin əvəzinə yeni bir iqtidarla işləmək istəyə bilər. Yaxın Şərq müharibəsinin gedişatında İran və Rusiya ilə yaxınlaşan, Moskvadan zenit-raket kompleksi almaqla, İncirlikdəki bazaya Almaniya Bundestaqının üzvlərinin girişinə icazə verməməklə NATO-nun bütövlüyünə xələl gətirən, Qətərə hərbi kontingent göndərən, viza qadağasına eyni həmlə ilə cavab verən, kürd referendumuna dəstək verməyən, İsraildən uzaqlaşan Türkiyə artıq ABŞ üçün bu ölkəni itirmə təhlükəsi yaradıb”.

N.Məmmədova deyib ki, görünür, siyasi texnoloqlar cəmiyyətlərə qadın siyasətçiləri təqdim etməklə yeni abu-hava, dinamika yaratmaq istəyir və bunu uğurun bir hissəsi hesab edirlər:

“Akşenerin uğur qazanıb-qazanmayacağını indidən demək çətindir. Çünki onun partiyası yeni yaranıb, millətçilərin böyük bir hissəsi MHP-dədir, Ərdoğanın nüfuzu cəmiyyətdə yüksək olaraq qalır, xarici siyasət uğurları davamlı olaraq gözümüz önündədir və s.

Akşenerin isə millətçi siyasi görüşlərinə görə kürdlər tərəfindən sevilmədiyi məlumdur. Ölkədə kürd əhalisinin sayı milyonlarladır və onların səsi həlledici təsir göstərir. Bu səbəbdən Akşenerin bir qisim millətçilərin, habelə AKP-yə müxalif olanların səsini qazansa da, Güneydoğu Anadoluda Ərdoğanın məğlub edəcəyi inandırıcı görünmür”.

Politoloq qeyd edib ki, lakin sağ mərkəzçilərin, dünyəvilik tərəfdarı solçuların, AKP və MHP-dən uzaqlaşan bir sıra siyasətçilərin, hətta 90-cı illərdə əsgərin siyasətə qarışmasına qarşı çıxdığı üçün bəzi islamçıların rəğbətini qazanmış Akşenerin seçkilərdə Ərdoğanın təkpartiyali iqtidarına başağrısı olacağı gözlənilir.

Xatırladaq ki, Milliyyətçi Hərəkat Partiyasının sədrliyinə namizədliyini irəli sürən M.Akşener sentyabrın 8-də MHP-dən uzaqlaşdırılıb və yeni partiya yaratmaq haqda qərar verib. Məlumata görə, hazırda MHP-nin bir sıra yerli qurumları Akşənərlə birgə olduğunu bəyan edib.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI