Bu gün Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü keçiriləcək.
Metbuat.az-ın məlumatına görə, görüş çərçivəsində dövlət başçıları arasında üçtərəfli görüşdən əlavə, ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub. Görüşdə müzakirə olunacaq mövzulardan biri də enerji və nəqliyyat sahəsində əməkdaşlıqdır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentlərin görüşü ilə bağlı açıqlama verib. Peskov bildirib ki, üçtərəfli görüşlərdən əlavə, Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü də nəzərdə tutulub.
Onun sözlərinə görə, prezidentlərin bugünkü görüşündə "Şimal-Cənub" nəqliyyat dəhlizi, onun Qərb qolu layihəsi, kənd təsərrüfatı sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının üçüncü ölkəyə göndərilməsi, Rusiyadan Azərbaycana qaz ixracının artırılması, neft hasilatının azaldılması üzrə OPEK+ müqaviləsinin müddətinin uzadılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və s. məsələlərinin müzakirəsi gözlənilir.
Qeyd edək ki, ötən il də avqustun 8-də Bakıda Azərbaycan, İran, Rusiya prezidentləri İlham Əliyevin, Həsən Ruhaninin və Vladimir Putinin üçtərəfli zirvə görüşü keçirilmişdi.
Günay Elşadqızı \ METBUAT.AZ