“Şimal-Cənub nəqliyyat dəhlizi effektliyi daha da artıracaq” - Aydın Hüseynov

Noyabrın 1-də Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli zirvə görüşündə üç ölkə arasında enerji, neft-qaz hasilatı və ixracı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün müvafiq tədbirlər müzakirə mövzusu olub.

Azərbaycan, İran və Rusiyanın enerji şəbəkələrinin birləşdirilməsi və bunun praktiki nəticələri müsbər qiymətləndirililib. Qarşıdan gələn dövrdə neft-qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi və digər məsələlər nəzərdən keçirilib.

Hazırda Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin formalaşdırılması istiqamətində görülən işlər, qarşıda duran vəzifələr, bu marşrutların yaratdığı geniş imkanlar, regionun iqtisadi inkişafında oynayacağı rol və digər bu kimi məzələlər müzakirə olunub. Transmilli nəqliyyat layihələrinin müzakirəsi zamanı yeni fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin perspektivi nəzərdən keçirilib, onun yüksək potensialı və perspektivi vurğulanıb, BTQ də daxil olmaqla hər bir iştirakçı dövlətin maraqları çərçivəsində Şərqlə Qərbi birləşdirən bütün marşrutlardan istifadə olunması imkanları bəyənilib.

Görüşün perspektivi ilə bağlı Metbuat.az-a açıqlama verən YAP Siyasi Şurasının üzvü, millət vəkili, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, Tehran görüşü çox mühüm görüşlərdən biridir:

“Rusiya dünya siyasətinə təsir edən ölkədir, İranın özünün də Şərq, xüsusilə də Yaxın Şərq ölkələrinə təsiri böyükdür. Bu iki dövlətin bir-biri ilə yeganə quru sərhədi Azərbaycan vasitəsilədir. Yəni, Azərbaycan hər iki dövlət arasında yaxşı mənada kommunikasiya baxımından vasitəçi dövlətdir. Ölkəmizin bu iki dövlətin arasında yerləşməsi Azərbaycana daha böyük perspektivlər vəd edir.

İkinci tərəfdən, Azərbaycan, Rusiya və İran dünya bazarına karbohidrogen - neft məhsulları çıxarır. Bu ölkələrin OPEK-də neftin qiymətinin tənzimlənməsinə də təsirləri var. Bildiyiniz kimi, OPEK neftin qiymətinin tənzimlənməsində, balanslaşmasında rol oynayır və Azərbaycan, Rusiya, İran da onların təkliflərinə qoşulur. Bu baxımdan, hər üç dövlət dünya bazarına neft ixrac etdikləri üçün qiymətə də təsir imkanları mövcuddur”.

Millət vəkilinin sözlərinə görə, ən başlıca məsələ bundan ibarətdir ki, iqtisadi, siyasi əlaqələrə həm Rusiya, həm də İran prezidenti çox böyük həvəs göstərir: “Sözsüz ki, burada Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüskarlığı daha öndədir. Bildiyiniz kimi, Azərbaycan dövlət başçısının siyasi iradəsinin təntənəsi olaraq, Bakı-Tbilisi-Qars dəmir yolu açıldı. BTQ, Avropa ilə Asiyanı birləşdirən çox mühüm nəqliyyat vasitəsidir. Yaxın gələcəkdə isə Şimal-Cənub nəqliyyat dəhlizinin bu qovşağa birləşməsi effektliyi daha da artıracaq. Eyni zamanda, həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətindəki yol qovşaqları Azərbaycandan keçəcək. Cənab prezidentin təşəbbüsü ilə İran istiqamətində və Azərbaycan Astarasından İran Astarasına qədər dəmir yolu çəkilib. Artıq Astaradan Rəştə qədər dəmir yolunun çəkilməsi ilə bağlı İran tərəfinin də razılığı var. Bu barədə maliyyə məsələlərində Azərbaycan tərəfinin iştirak edəcəyi real görünür. Ümumilikdə görürük ki, hər üç ölkəni iqtisadi maraqlar birləşdirir və eyni zamanda hər üç dövlət dünya iqtisadiyyatına töhvələr verəcək - həm enerji, karbohidrogen ehtiyatları baxımından, həm də böyük nəqliyyat, logistik baxımdan. Bu isə ölkəmizin iqtisadi qüdrətidir, siyasi nüfuzunun göstəriciləridir”.

Aydın Hüseynovun sözlərinə görə, bunu hər bir Azərbaycan vətəndaşı fərd olaraq öz sosial həyatında hiss edəcək: “Ümumilikdə götürdükdə, ölkəmizin iqtisadi və siyasi nüfuzu artdıqca Azərbaycan vətəndaşlarının da sosial rifahı yüksəlir, vətənimizin prezidentimizin birbaşa rəhbərliyi ilə siyasi nüfuzu və iqtisadi qüdrəti daha da artır. Bu artımda isə Tehran görüşü çox mühüm əhəmiyyət kəsb edir”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı