Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin yeni layihələri

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin yeni layihələri
16:58 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı. 6 aprel, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində Azərbaycan Xalça Muzeyi, Milli İncəsənət Muzeyi, Dövlət Teatr Muzeyi, Əzim Əzimzadənin və Üzeyir Hacıbəylinin ev muzeyləri ilə yanaşı, Şəki, Lənkəran, Lerik, Beyləqan, Astara, Şirvan, Ucar, Masallı və digər bölgələrin tarix-diyarşünaslıq və ev muzeylərinin toplularından da xalça, xalça məmulatı, qrafika, rəngkarlıq, tikmə, parça, kağız və s. 500-ə yaxın muzey əşyası bərpa və konservasiya olunmuş və olunmaqdadır.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Lənkəran tarix diyarşünaslıq muzeyinin təmirdən sonra yeni ekspozisiyasının açılması ilə əlaqədar mərkəzin bərpaçıları gərgin iş fəaliyyəti nəticəsində tez bir zamanda 100-dən çox muzey əşyasını müvəffəqiyyətlə bərpa ediblər. Hazırda Əzim Əzimzadənin ev və Masallı tarix diyarşünaslıq muzeylərinin yeni binada ekspozisiyalarının açılışı ilə əlaqədar bu muzeylərə məxsus əşyalar üzərində bərpa və konservasiya işləri aparılır. Eyni zamanda əşyalarının bərpa və konservasiya olunması məqsədilə mərkəzə Ağsu və Yevlax tarix-diyarşünaslıq muzeylərindən ilk dəfə olaraq müraciət edilmiş və Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə bu muzeylərə məxsus 200-ə yaxın əşya bərpa üçün mərkəzə gətirilib.
Bildirilib ki, aprelin 1-də Mərkəzdə növbəti dəfə Elmi Bərpa Şurasının iclası keçirilib. İclas zamanı Mərkəzə Astara, Yevlax, Ağsu, Masallı tarix-diyarşünaslıq muzeylərindən, eləcə də Şəki Xalq Tətbiqi Sənəti Muzeyi, Sabit Rəhmanın ev muzeyi, Əzim Əzimzadənin ev muzeyindən bərpa və konservasiya üçün daxil olmuş əşyaların bir qisminə baxış keçirilib və bərpa üsulları müzakirə edilib. Eyni zamanda Üzeyir Hacıbəylinin ev muzeyinə məxsus 15 ədəd sənədin bərpadan sonrakı vəziyyəti müzakirə edilərək bərpa səviyyəsi yüksək qiymətləndirilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muzey_Servetleri_ve_Xatire_Asyalarinin_Elmi_Berpa_Merkezinin_yeni_layiheleri-843919

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR