Ankarada türk dünyasının musiqi təhsili üzrə ali qurumları rəhbərlərinin toplantısı keçirilib

17:38 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Ankara, 6 aprel, AZƏRTAC
Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşəbbüsü ilə türk dünyasının musiqi təhsili üzrə ali qurumları rəhbərlərinin toplantısı keçirilib. TÜRKSOY-un mənzil qərargahında təşkil edilən toplantıda türkdilli ölkələrdə və muxtariyyətlərdə fəaliyyət göstərən ali musiqi təhsili verən qurumların rəhbərləri iştirak ediblər.
Toplantıda çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov, tanınmış musiqişünas Əli Uçan və başqaları türk xalqları arasında musiqi təhsili sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıblar.
Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi türk dünyasının musiqi təhsili verən ali qurumlarının növbəti toplantılarından birinin Bakıda keçirilməsini təklif edib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva rəhbərlik etdiyi ali təhsil ocağında “Türk xalqlarının musiqisi” fənninin tədris olunduğunu diqqətə çatdırıb və bu təcrübənin digər ölkələrdə də tətbiq edilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra toplantı iştirakçıları Türk Dünyasının Musiqi Tədrisi Birliyinin yaradılması haqqında bəyannaməni təsdiq ediblər. TÜRKSOY-un baş katibi Düsen Kaseinov yeni yaradılan birliyin sədri seçilib.
Çıxışlarda bildirilib ki, bu qurumun yaradılması türk xalqları arasında musiqi təhsili sahəsində əlaqələrin daha da inkişafına təkan verəcək.
Tədbir Azərbaycanın əməkdar artisti Elnarə Kərimovanın rəhbərlik etdiyi “Orfeon” kamera xorunun çıxışı ilə başa çatıb.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ankarada_turk_dunyasinin_musiqi_tehsili_uzre_ali_qurumlari_rehberlerinin_toplantisi_kechirilib-843936

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR