Azərbaycanın tarixi coğrafiyasının aktual problemləri müzakirə olunub

Azərbaycanın tarixi coğrafiyasının aktual problemləri müzakirə olunub
18:28 6 Aprel 2015
66 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 6 aprel, AZƏRTAC
Aprelin 6-da “Naxçıvan” Universiteti, AMEA Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetinin iştirakı ilə “Azərbaycanın tarixi coğrafiyasının aktual problemləri” mövzusunda konfrans keçirilib.
“Naxçıvan” Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ali məktəbdə təşkil olunan konfransın plenar iclasını universitetin rektoru, professor İsmayıl Əliyev açaraq qonaqları salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Rektor bu konfransın Azərbaycan elminin ən ağrılı, tarixşünaslığımızda hələlik lazımınca işlənməmiş, amma eyni zamanda, çox böyük əhəmiyyətə malik olan bir məsələyə həsr olunduğunu qeyd edib.
Plenar iclasda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək muxtar respublikada elmin, təhsilin ikişafına göstərilən qayğıdan söz açıb.
Konfransda öz fikirlərini bölüşən Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanın tarixi coğrafiyasının aktual problemlərindən bəhs edərək, keçirilən konfransın əhəmiyyətindən danışıb.
AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərli “Naxçıvan şəhərindəki Əcəmi Naxçıvani yadigarlarının kitabələri” mövzusundakı çıxışında bildirib ki, Möminə Xatun türbəsinin interyerində, daxili günbəzin səthində diametri təxminən 1,5 metr olan dörd ədəd dairəvi qönçə vardır. Onlar günbəzin şimal, cənub, şərq və qərb tərəflərində yerləşir. Günbəzin zirvəsindəki qalıqlara əsasən burada beşinci bir qönçənin olduğunu da ehtimal etmək olar. Qeyd etmək lazımdır ki, bəzi tədqiqatçılar onları medalyon, bəziləri qönçə, bəziləri isə monoqramma adlandırıblar. 1956-cı ildə türbədə aparılan bərpa işləri zamanı bu qönçələrin fotoşəkilləri yenidən çəkilib. Sənətşünas, akademik Ə.V.Salamzadə həmin şəkillərə əsasən onların üzərində İslam peyğəmbərindən sonrakı dörd xəlifənin və memarın adının şifrələnməsi fikrini irəli sürmüşdü. Şübhəsiz ki, Naxçıvan Muxtar Respublikası ərazisində XII əsrə qədər olan dövrdə qeyd edilənlərdən əlavə də epiqrafik abidələr olub. Ancaq onlar müəyyən səbəblərdən məhv olub və zəmanəmizədək gəlib çatmayıb.
Naxçıvan Dövlət Universitetinin “Cografiya” kafedrasının müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Nazim Bababəyli “Azərbaycanda coğrafiya elminin inkişafının dünəni və bu günü” mövzusunda çıxış edib. Natiq bildirib ki, Azərbaycan coğrafiyası tarixinin qədimliyini Gəmiqaya rəsmlərində görmək mümkündür.
“Naxçıvan” Universitetinin tədris işləri üzrə prorektoru İbrahim Kazımbəyli “XX yüzilliyin 20-ci illərində Azərbaycanda milli dövlətçilik problemi” adlı çıxışında iştirakçıların diqqətinə çatdırıb ki, tarix boyu Azərbaycanın tərkib hissəsi olan, sonralar İrəvan xanlığının ərazisi olan torpaqlar, Göyçə mahalının qərb hissəsi həmin dövrdə faktiki olaraq əldən çıxdı. Göyçə gölü Azərbaycan ilə Ermənistan arasında sərhəd zonasında çevrildi. Qarşıda duran problemlərdən danışan İ.Kazımbəyli erməni məsələsini xüsusi açıqlamağa ehtiyac olduğunu söyləyib. O deyib ki, 1920-ci ilin mart ayının ortalarında ermənilər Qarabağda Azərbaycan hökumətinə qarşı qiyam qaldırıb. Aprelin 27-də Azərbaycan parlamenti altı şərt irəli sürərək, hakimiyyəti kommunistlərə təhvil verdi. Lakin bolşeviklər bu şərtlərin heç birinə əməl etmədilər. 1920-ci il aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan edildi. Beləliklə, Azərbaycanın milli dövlətçilik problemləri həll olunmayaraq yarımçıq qaldı.
Plenar iclas öz işini “Tarix”, “Coğrafiya”, “İqtisadiyyat”, “Folklor və mədəniyyət” adlı bölmələrdə davam etdirib.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_tarixi_cografiyasinin_aktual_problemleri_muzakire_olunub-843963

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR