"Onlar Dağlıq Qarabağ məsələsinə yeni elementlər daxil edə bilərlər” - Politoloq

ATƏT Daimi Şurasında ötən gün ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə iclas keçirilib.

Metbuat.az-ın məlumatına görə, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində atılan addımların müzakirə olunduğu görüşdə TƏT Yüksək Səviyyəli Planlaşdırma Qrupu, Azərbaycan və Ermənistanın ATƏT yanında daimi nümayəndəliklərinin təmsilçiləri iştirak edib.

Görüşlə bağlı Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlu bildirib ki, bu, əslində, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə o qədər də təsir edəcək hadisə deyil:

“Yüksək Səviyyəli Planlaşdırma Qrupu yalnız Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində durğunluq olanda həmin durğunluğu aradan götürmək üçün müzakirəyə qoşulur və təklif irəli sürür. Həm də bu Qrupun işi daha çox hərbi xarakterli məsələlərdir. Vaxtilə ATƏT-də və Avropa İttifaqında belə təkliflər var idi ki, Dağlıq Qarabağ regionundan Ermənistan qoşunları çıxan kimi onlar, bərpa, tikinti işlərininin aparılmasına dünya dövlətlərini, beynəlxalq maliyyə qurumlarını cəlb edəcəklər. Hətta onlarda konkret plan var ki, ilkin bərpa işləri üçün nə qədər vəsait lazım olacaq. O qurumun əsas işi budur. Çox ehtiyatlı şəkildə deyirəm ki, indi onların məsələyə qoşulması gedən müzakirələrə yeni və Azərbaycanın marağında olan elementləri daxil edə bilər və danışıqlar prosesini daha da konkretləşdirə bilər".

Son zamanlar Dağlıq Qarabağ məsələsi ilə bağlı müzakirələrdə canlanma müşahidə edirik. Bu, xüsusilə Azərbaycan prezidenti İlham Əliyevin region dövlətlərinin liderləri ilə görüşündən sonra daha da artıb sanki?

- Bunu, prezident İlham Əliyevin son dövrlərdə keçirdiyi görüşlərlə əlaqələndirməzdim, çünki əslində, Azərbaycan dövlət başçısının bu yöndə aktivliyi uzun müddətdir davam edir. Xüsusulə də may ayından bu yana dövlət başçısı iki dəfə bəyan edib ki, “ermənilər danışıqları pozmağa çalışırlar, ancaq mən, buna imkan verməyəcəm, onların heç bir şərti qəbul olunmayacaq”. Doğrudan da, Azərbaycan tərəfi Ermənistan tərəfinin heç bir şərtini qəbul etmədən, onları danışıqlar masasının arxasında oturdub. Hətta ermənilər Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı Zəhranı ona görə qətlə yetirdilər ki, xarici işlər nazirlərinin görüşü pozulsun. Azərbaycan prezidenti də qeyd edib ki, “o uşağı öldürdülər ki, danışıqlar prosesi pozulsun, amma mən deyirəm ki, danışıqları poza bilməyəcəklər”. Sonradan da bildiyiniz kimi, Azərbaycan və Ermənistan prezidentləri arasında Cenevrə görüşü oldu. Bu görüş tamamilə Azərbaycanın xeyrinə idi. Bizim xeyrimizə olan bu idi – Ermənistanın vacib bir tezisi var idi ki, prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılaşmalar reallaşdırılmadı. Çünki o tezis həmsədrlərin bəyənatına düşmədi. Prezidentlərin Cenevrə görüşündən qabaq həmsədlərin regiona səfəri zamanı verdikləri bəyənatda və ondan əvvəl həmsədrlər Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra yaydığı bəyənatda həmin tezis salınmamışdı.

Sizinlə razıyam ki, hazırda Dağlıq Qarabağla bağlı müzakirələrdə durğunluq yoxdur. Amma daxili məzmunda olan durğunluğu, yəni mövzu qıtlığını isə ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupu daxil edə bilər. Yəni, müəyyən mənada görüntü var, iş gedir, ATƏT-in Minsk Qrupu əlində olan imkanlar daxilində aktivliyi nümayiş etdirir. Doğrudan da aktivlik var və bu, Azərbaycanın xeyrinədir. Amma Yüksək Səviyyəli Planlaşdırma Qrupu mövzuya yeni elementlər daxil edə bilər. Bir daha qeyd edim ki, Azərbaycan dövlət başçısı daimi olaraq Dağlıq Qarabağ məsələsi ilə məşğuldur.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı