Şeyx Nizami kitabının təqdimatı keçirilib

Ötən gün Yazıçılar Birliyinin Natəvan Klubunda dövrünün görkəmli ictimai xadimi, "Difai" firqəsinin qurucularından biri olmuş, maarifçi, şair, publisist, tərcüməçi, folklorşünas, dramaturq Mirzə Məhəmməd Axundzadənin 1909-cu ildə Gəncədə Əhməd Hacı Həsənzadə mətbəəsində nəşr etdirdiyi "Şeyx Nizami" kitabının yeni nəşrinin təqdimatı olub.

Metbuat.az bildirir ki, kitab Mirzə Məhəmmədin nəvəsi tanınmış kinorejissor, tarixçi, publisist, ssenarist Nazim Rza İsrafiloğlunun maddi vəsaiti hesabına nəşr olunub. Kitabın üz qabığının dizaynı isə Mirzə Məhəmmədin kötücəsi hazırda Almaniyada rəssamlıq üzrə təhsil alan Ayla Mirzə-zadəyə aiddir.

Təqdimata toplanan ziyalılar - tarixçi, professor Elmira Muradəliyeva, ədəbiyyatşünas, professor Alxan Bayramoğlu, kinoşünas Aydın Kazımzadə, f.ü.f.d. Təhminə Bədəlova, şair Oktay Rza və digər dəyərli alimlər "Şeyx Nizami" barədə geniş müzakirələr aparıb, Mirzə Məhəmmədin o dövrdə yazdığı bu kitabı müəllifin qəhrəmanlığı kimi dəyərləndiriblər.

Mirzə Məhəmməd Axundzadə kitabın içində onun satışından toplanan vəsaitin Şeyx Nizaminin o dövrdə uçuq halda olan türbəsinin bərpasına sərf olunacağını yazıb. Böyük vətənpərvər insan olan müəllif heç bir təmənna ummadan bu yolla həm insanların dahi Nizami Gəncəvi barədə bilgilənmələrini, həm də şairin uçuq məzarının bərpasını təmin etməyə çalışıb.

Qeyd edək ki, "Şeyx Nizami" dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında yazılan ilk tədqiqat əsəri hesab olunur. Əsər həcmcə kiçik olsa da, amma məzmunca olduqca böyükdür. Mirzə Məhəmmədin bu əsəri onlarla nizamişünasın yoluna işıq salıb, istinad yeri olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR