Uşağınız övladlığa veriləcək

Bu yazımızda övladlığa götürmə, qəyyumluq məsələsinə toxunacağıq.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov bildirib ki, Azərbaycan Respublikası ərazisində övladlığa götürmə uşağı övladlığa götürmək istəyən şəxsin və ya şəxslərin ünvanladığı ərizə əsasında məhkəmə tərəfindən həyata keçirilir:

“Övladlığa götürmə ilə əlaqədar işlərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş xüsusi icraat qaydasında baxılır. Məhkəmə prosesinin iştirakçıları övladlığa götürmə sirrinin, həmçinin şəxsi və ailə hәyatının intim məsələlərinin qorunması məqsədi ilə məhkəmə baxışını qapalı keçirməyi tələb edə bilərlər. Övladlığa götürülən uşaqların və övladlığa götürənlərin hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranmağa başlayır. Qanunvericiliyimizə görə, hansısa şərtlər altında, hər hansı müddətə və ya nümayəndələr vasitəsi ilə övladlığa götürmək və yaxud da ölmüş uşağın övladlığa götürülməsi qadağandır. Ailə Məcəlləsinə görə, hər iki cinsdən olan yetkinlik yaşına çatmış şəxslər övladlığa götürən ola bilərlər, lakin, qanunda müəyyən istisnalar da mövcuddur. Belə ki, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər, məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər, əvvəllər məhkəmə tərəfindən təqsirli hesab olunaraq bu hüququ ləğv edilmiş şəxslər, səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər tərəfindən övladlığa götürmə yolverilməzdir. Eyni zamanda aralarında rəsmi nikahı olmayan şəxslərin birlikdə eyni uşağı övladlığa götürməsi qanunla qadağan olunur.

Bir uşaq iki şəxs tərəfindən övladlığa götürülə bilməz!

Ailə qanunvericiliyinə əsasən övladlığa götürmə yetkinlik yaşına çatmayan şəxslər barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin şəhər və ya rayon qeydiyyat şöbələrində qeydə alındıqdan sonra mümkündür. Nikahda olan ər-arvad tərəfindən uşağın birlikdə övladlığa götürülməsi istisna olmaqla, bir uşaq iki şəxs tərəfindən övladlığa götürülə bilməz. Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürməsi mümkündür. Qanunla uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə, həmin uşaqları Azərbaycan Respublikası ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda və ya vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları) övladlığa götürmədikdə icazə verilir. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin razılığı əsasında yol verilir.

Valideyn ilə övladlığa götürülən uşaq arasında 16 yaş fərq olmalıdır!

Onu da qeyd edim ki, Ailə Məcəlləsinə əsasən övladlığa götürən şəxsin nikahı yoxdursa, həmin şəxsin yaşı ilə övladlığa götürülən uşağın yaşı arasında ən az 16 yaş fərq olmalıdır. Məhkəmə tərəfindən üzrlü hesab edilən səbəb olduqda, yaş fərqi qısaldıla bilər. Ögey ata və ya ögey ana uşağı övladlığa götürəndə yaş fərqi ilə bağlı qeyd olunan məhdudiyyət tətbiq olunmur. Valideynləri olan uşaq müəyyən hallar istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Belə ki, istisna hallar kimi bunları göstərə bilərik. Valideynlər valideynlik hüquqlarından məhrum edilmişlərsə və bu məhrumetmənin üzərindən 1 il müddət keçmişdirsə və ya qanunla müəyyən olunmuş qaydada valideynlər fəaliyyət qabiliyyəti olmayan, yaxud xəbərsiz itkin düşmüş hesab edilmişlərsə, övladlığa götürməyə onların razılığı tələb olunmur. Eyni zamanda, Valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, bununla bağlı qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində və ya saxlanılmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da həyata keçirilə bilər. Valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsinə qəyyumların və ya himayəçilərin, himayədar ailənin və yaxud da uşaqların yerləşdiyi müəssisələrin rəhbərlərinin razılığı tələb olunur. Ancaq bütün bunlara baxmayaraq, işə baxan məhkəmə uşağın mənafeyini nəzərə alaraq bu şəxslərin razılığı olmadan da onun övladlığa götürülməsi barədə qətnamə qəbul edə bilər. Qanunla 10 yaşına çatmış uşağın övladlığa götürülməsi zamanı uşağın mövqeyi nəzərə alınmalıdır. Əgər övladlığa götürmə haqqında ərizə verilənə qədər uşaq övladlığa götürmək istəyənin ailəsində yaşamışdırsa və onu öz valideyni kimi qəbul edirsə, övladlığa götürmə övladlığa götürülən uşağın razılığı olmadan da həyata keçirilə bilər.

Övladlığa götürmə sirri

Övladlığa götürmənin sirri qanunla mühafizə olunur və övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və himayə orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından övladlığa götürənlərin övladlığa götürülənin doğma valideynləri olmadığını göstərən çıxarışlar vermək qəti qadağan edilir. Bu səbəbdən də övladlığa götürənin iradəsi ziddinə övladlığa götürmə sirrini yaymış şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.

Övladlığa götürmə bu hallarda ləğv edilir

Qüvvədə olan Ailə Məcəlləmizə, əsasən məhkəmə, övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmədikdə, övladlığa götürənlər valideynlik hüquqlarından sui-istifadə etdikdə, övladlığa götürənlər övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə, övladlığa götürənlər xroniki alkoqolik və narkoman olduqda və ya uşağın rəyini nəzərə alınmaqla onun mənafeyi naminə digər əsaslar olduqda övladlığa götürməni ləğv edə bilər. Övladlığa götürmənin ləğv olunmasını övladlığa götürənlərin özləri, uşağın valideynləri, övladlığa götürülən 14 yaşına çatmış uşaq, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü hallarda) və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (Azərbaycan Respublikasının vətəndaşı olan uşağın Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürüldüyü hallarda) tələb edə bilər”.

Qeyd edək ki, övladlığa götürmənin ləğv olunması yalnız məhkəmə qaydasında həyata keçirilir.

Xəyalə Məmmədova / METBUAT.AZ

Qaçqın və məcburi köçkünlərə ŞAD XƏBƏR - 50 faiz artırıldı – OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR