Müğənni Zamiq Hüseynov Opera və Balet Teatrında gerçəkləşəcək konserti ilə bağlı jurnalistlərə məlumat verib.
Publika.az xəbər verir ki, o, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə keçirilən konserti barədə bunları deyib: “Hər gün məşq var. Əslində həm asan, həm çətindir. Eyni zamanda da sevindiricidir. Çünki böyük məsuliyyətdir. Böyük orkestrlə konsert vermək uşaqlıq arzum idi. Bu, sənət dünyam üçün yenilikdir. Fikirləşirəm ki, öhdəsindən yaxşı gəlməliyəm. Ona görə davamlı olaraq məşq edirəm ki, hər şey daha da yaxşı olsun”.
Zamiq bildirib ki, konsert zamanı öz repertuarından yalnız iki mahnı ifa edəcək:
“Klassik, retro, bəstəkar musiqilərimizi repertuara daxil etmişik. Öz mahnılarımdan isə “Kaman” və “Sən necə də gözəlsən”i səsləndirəcəm. İtalyan musiqisinə də müraciət etmişik. Sırf simfonik orkestrə yaraşacaq mahnılar seçmişik”.
O, konsertinə heç bir sənət yoldaşını dəvət etmədiyini də deyib:
“Sənət yoldaşlarımdan heç kimi dəvət etməmişəm. Çünki bu konsertdə heç kimə əziyyət vermək istəmirəm. Onları bundan sonra Heydər Əliyev sarayında gerçəkləşməsi planlaşdırılan konsertimə dəvət edəcəm. O da 4 ay sonra olacaq”.
Zamiq Hüseynov konsertinə olan biletlərin qiymətini də açıqlayıb: “Biletləri ucuz etdik ki, hər kəs gəlib əylənə bilsin. Biletlərin satışı 10-50 azn arasıdır”.
Qeyd edək ki, ifaçının konserti 20 noyabr tarixində gerçəkləşəcək.
Pərviz Hüseyn