SOCAR-da çalışan işçilərin uşaqları üçün Almaniyada yay düşərgəsi təşkil ediləcək

SOCAR-da çalışan işçilərin uşaqları üçün Almaniyada yay düşərgəsi təşkil ediləcək
18:43 7 Aprel 2015
80 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) çalışan işçilərin uşaqları üçün Almaniyada yay düşərgəsi təşkil ediləcək. Bu məqsədlə müsabiqə elan edilib və 32 nəfərin müraciəti qəbul olunub. Müsabiqə şəffaflıq və obyektivlik prinsipləri əsasında elektron test imtahanı yolu ilə keçirilib və seçimdə qalib gəlmiş ilk 20 nəfər müəyyən edilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, insan resursları departamentində bununla bağlı yay düşərgəsinin iştirakçısı hüququnu qazanan 20 uşaq və onların valideynləri ilə görüş keçirilib. Görüşdə departamentin rəisi Asif Bəkirli valideyinləri və uşaqları təbrik edib, yay düşərgəsinin proqramı və qarşıda duran məsələlər barədə məlumat verib.
Qeyd edilib ki, müsabiqə qalibləri Almaniyanın Düsseldorf və Münhen şəhərlərinin tarixi abidələrilə tanış olacaq, universitetlərə baş çəkəcək, əyləncə mərkəzlərində istirahət edəcəklər. Uşaqlar üçün BMW mərkəzi və muzeyinə, Bayern Münxen futbol klubunun muzeyinə və bazasına, o cümlədən Olimpiya Stadionuna ekskursiya təşkil olunacaq.
Bildirilib ki, cari ilin iyul-avqust aylarında Almaniyanın E.ON şirkətinin əməkdaşlarının uşaqları üçün Azərbaycanda da yay düşərgəsi təşkil olunacaq. Almaniyalı uşaqlar Şirvanşahlar sarayına, Qız qalasına, Qobustan qoruğuna, Atəşgah məbədinə, yeni Olimpiya stadionuna, Kristal saraya baş çəkəcək, Şəki, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz şəhərlərinə səfər edəcəklər.
Görüş zamanı valideynləri və uşaqları maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, 2013-cü il sentyabrın 19-da SOCAR və E.ON şirkətlərinin uzunmüddətli əməkdaşlığı üçün geniş imkanlar yaradan qaz satışı müqaviləsinin imzalanması ilə iki şirkət arasında təkcə istehsalat əlaqələri deyil, texnologiya və innovasiya, menecment təlimi, gənc mütəxəssislərin inkişafı, tədqiqat və korporativ sosial məsuliyyət sahələrində də münasibətlər genişlənib. Müqaviləyə əsasən, SOCAR və E.ON şirkəti əməkdaşlarının 12-13 yaşlı uşaqları üçün Azərbaycanın və Almaniyanın müxtəlif şəhərlərində yay düşərgələri təşkil edilir. SOCAR əməkdaşlarının uşaqları üçün 15 günlük yay düşərgəsi ilk dəfə 2014-cü ilin iyulunda Düsseldorfda təşkil olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_da_chalisan_ischilerin_usaqlari_uchun_Almaniyada_yay_dusergesi_teskil_edilecek-844335

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR