“Ermənilər yenə də öz namərd xislətlərini işə salıb" - Elman Məmmədov

Azərbaycan son zamanlar Avropa İttifaqı və NATO ilə münasibətləri daha da gücləndirir.

Xüsusilə Azərbaycan prezidenti İlham Əliyevin Brüssel səfəri zamanı keçirdiyi bir sıra uğurlu görüşlər bunu deməyə əsas verir. Bildiyimiz kimi, Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində Birgə Bəyannamə qəbul edilib. Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib.

Birgə Bəyannamənin digər bəndində Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb.

Bu gün prezident İlham Əliyev Xorvatiyaın Baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri, Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri Martina Daliçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman Şərq Tərəfdaşlıq sammiti ilə bağlı fikirlərini qeyd edib. Dövlət başçısı Şərq Tərəfdaşlığı Sammitinin uğurla keçirildiyini və yaxşı nəticələr verdiyini bildirərək sammitdə qəbul edilən Bəyannamənin əhəmiyyətini vurğulayıb. Prezident Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində danışıqlar aparıldığını və bu sazişin əməkdaşlığımızın qarşılıqlı maraq doğuran bütün sahələrini, o cümlədən siyasi, iqtisadi, enerji, mədəniyyət sahələrini əhatə edəcəyinə ümidvar olduğunu bildirib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Elman Məmmədov bildirib ki, dövlət başçısının Brüssel səfərinin həqiqətən də çox böyük əhəmiyyəti olub: “Bu görüşlərdə Azərbaycan prezidentinin çıxışları və bu çıxışların nəticəsi olaraq sammitdə qəbul olunan bəyənatın müddəalarının, xüsusilə də dövlətlərin ərazi bütövlüyünün toxunulmaz olduğunun dəstəklənməsi Azərbaycanın xeyrinə olan və düşmənlərimizi məyus edən çox mühüm sənəddir. Orada ermənilər yenə də öz namərd xislətlərini işə salıb maneçilik törətmək, özlərinə sərf edən variantları sənədə saldırmaq niyyətində olsalar da, təbii ki, bunun qarşısı alınıb. Cənab prezident çıxışında bütün məsələlərə toxunub, xüsusilə də Dağlıq Qarabağ məsələsinə. Dağlıq Qarabağ ətrafındakı 7 rayonun ermənilər tərəfindən işğal olunmasına və 25 ildən artıqdır torpaqlarımızın işğal altında saxlanılmasına, işğal zamanı törədilən Xocalı soyqırımına, dinc insanların öldürülməsinə və bütün bunun müqabilində ermənilərə qarşı heç bir beynəlxalq təşkilat, aparıcı Avropa dövlətləri tərəfindən sanksiya, cəza tədbirlərinin görülməməsinə xüsusilə diqqət yönəldilib. Ölkəmizdə məcburi köçkünlərə qarşı diqqət və onların öz yurd-yuvalarına qayıtması üçün beynəlxalq təşkilatlardan olan gözləntimiz diqqətə çatdırılıb. Birləşmiş Millətlər Təşkilatının 1992-1993-cü illərdə qəbul olunan 4 qətnaməsinin hələ də icrasız qalması diqqətə çatdırılıb. Bu deyilənlərin hamısı təbii ki, bizim xeyrimizə müsbət nəticəsini verdi. Eyni zamanda, cənab prezidentimiz diqqətini bir şeyə də yönəltdi ki, terrora və separatizmə qarşı heç bir dövlət təkbaşına mübarizə apara bilməz və bu, uğurlu olmaz. Bu dövlətçiliyə, insanlara cinayətkar əməllərə qarşı mübarizə beynəlxalq səviyyədə aparılmalıdır. Bütün dövlətlər, beynəlxalq qurumlar həm terrora, həm də separatizmə qarşı birgə fəaliyyət göstərməlidir. Qeyd olunub ki, vaxtilə erməni separatizminin qarşısının alınmasında dəstək olsaydı, təbii ki, bu gün Avropada separatizm baş qaldırmazdı. Bunlar çox mühüm məsələlərdir. Eyni zamanda, Avropada törədilən terror təhlükəsi ilə bağlı söhbət açılıb.

Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu gün Avropanın bir sıra ölkələrində erməni terrorçuları və digər terrorçu qruplarının nümayəndələri özlərinə isti yuva tapıblar. Bu bir gün avropalıların başında çatlayacaq.

Ümumilikdə, demək istəyirəm cənab prezidentin xarici siyasətdə apardığı uğurlu işlərin nəticəsində biz NATO tərəfdaşlığına nail olmuşuq. Cənab prezident NATO prezidenti ilə görüşündə qeyd etdi ki, bu artıq sizinlə 6-cı görüşümdü. NATO tərəfdaşlığı, Avropa İttifaqı ilə münasibətlərimizin istiləşməsi, yaxşılaşması təbii ki, Qarabağ məsələsinin ədalətli həll olunmasına gətirib çıxaran şərtlərdən, amillərdən biridir. Bəzi dövlətlərdə belə fikir yaranır, siyasətçilər belə fikir yürüdürlər ki, guya ki, bizim Avropa ilə, NATO ilə münasibətlərimizin inkişafı, istiləşməsi hansı istiqamətdə, hansı dövlətlərlə münasibətimizdə soyuqluq yaradacaq, bu, qətiyyən belə deyil. Azərbaycan balanslaşmış siyasət aparır, bütün dövlətlərlə, beynəlxalq qurumlarla bərabər hüquqlu münasibət saxlayır. İşğalçı dövlətlərimizi çıxmaq şərti ilə qonu dövlətlərlə münasibətlərimizi günü-gündən inkişaf etdirmək sahəsində işlərimizi görürük. Eyni zamanda, tərəfdaşlarımızın sayının artmasına, yəni, aparıcı beynəlxalq qurumlarla, aparıcı dövlətlərlə münasibətimizin yaxşılaşmasına çalışırıq”.

Günay Elşadqızı / METBUAT.AZ

“Bu, Azərbaycan diplomatiyasının qələbəsidir” - Arzu Nağıyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı